Marneulidə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə mayın 11-də Marneulidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93–cü ildönümünə həsr olunan “Heydər Əliyev və Gürcüstan” adlı tədbir keçirilib. AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında ulu öndər Heydər Əliyevin gənclər siyasətindən, dünyada yaşayan azərbaycanlılara qayğısından söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan gəncliyinin uğurları ilə öyünürük. Ölməz şəxsiyyətin uzaqgörən və uğurlu siyasəti nəticəsində dünyada yaşayan azərbaycanlılar birlikdə ölkəmizi təbliğ edirlər. Bugünkü gəncliyimiz ulu öndərdən vətənpərvərlik dərsi alaraq onun kimi xalqına bağlı olmalıdırlar.

Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov çıxışında Azərbaycan-Gürcüstan münasibətləri barədə ətraflı məlumat verib. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə reallaşdırıldığını diqqətə çatdırıb. Diplomat deyib: “Heydər Əliyev dünya şöhrətli siyasətçi olaraq yaddaşlarda hər zaman yaşayacaq. Onun müdrikliyi sayəsində Azərbaycan çətin sınaqlardan uğurla çıxdı. Azərbaycanı və Gürcüstanı çox sıx tellər bağlayır, iki ölkəni bir birindən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün də Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əlaqələrimiz daha da möhkəmlənir və inkişaf edir. Bizim də məqsədimiz bu siyasi kursu ləyaqətlə davam etdirməkdir”.

Gürcüstan parlamentinin deputatı Azər Suleymanov çıxışında Ulu Öndərlə şəxsi görüşündən və onun Gürcüstan azərbaycanlılarına qayğısından söz açıb.

Gürcüstan parlamentinin sabiq deputatları, ziyalılar Ümummilli Lider haqqında xatirələrini bölüşüblər.

Marneuli şəhər 8 saylı orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, yeniyetmə aşıq Məsim Rəcəbov isə mahnılar ifa edib.