Prezident qızı yoldan 200 dollar tapdı

altÖzbəkistan prezidenti İslam Kərimovun qızı, adı qalmaqallarda hallanan Gülnarə Kərimova gəzinti zamanı yoldan 200 dollar tapıb.

Bu barədə məlumatı prezidentin qızı sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, pulu adi bir Daşkənd küçəsindən tapıb. Prezident qızı pulun sahibinə səslənərək küçənin adını çəkməklə pulu ona qaytara biləcəyini deyib. Daha sonra isə o, tapdığı pulların fotosunu yayıb. Beləliklə də o, pulu itirən şəxsə yardımçı olmaq istəyib.

“Uzmetronom” saytı bu xəbərin ölkədəki sosial vəziyyətin yaxşı olmasının göstəricisi kimi şərh edib. Saytın yazdığına görə, Özbəkistanda vəziyyət o qədər yaxşıdır ki, insanlar adi küçədə 200 dollar itirir və onu axtarmırlar. Qeyd edək ki, Özbəkistanda orta aylıq əmək haqqı 200 dollardır.