SOCAR Gürcüstanda Rumıniya benzini satır

alt

Ötən il "SOCAR Petrolium Georgia" şirkəti "RomPetrol"dan təxminən 80-90 min ton benzin alıb

 

"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) benzin ixracını kəskin azaltması şirkətin Gürcüstandakı törəmə qurumu olan "SOCAR Petrolium Georgia" şirkətinin fəaliyyətinə təsir etməyib". Bu barədə "SOCAR Petrolium Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib:

"Təəssüf ki, son zamanlar Azərbaycanın benzin ixrac etmək resursları yoxdur. Azərbaycan əvvəlki illərdəki kimi benzin resurslarını təmin edə bilmir. ARDNŞ benzini yalnız yerli bazarın tələbatına uyğun istehsal edir".

Onun sözlərinə görə, buna baxmayaraq, "SOCAR Petrolium Georgia" şirkəti bu məsələni artıq nə vaxtdır həll edib: "Biz Gürcüstan bazarı üçün benzini Rumıniyanın "RomPetrol" şirkətindən alırıq. Bu benzin də "Euro-4" standartına tam uyğundur".

Şirkət rəhbəri bildirib ki, keçən il "SOCAR Petrolium Georgia" şirkəti "RomPetrol"dan təxminən 80-90 min ton benzin alıb.

Qeyd edək ki, ARDNŞ ötən ilin dekabr ayında cəmi 52 ton avtomobil benzini ixrac edib. Bu, daha əvvəlki ilin dekabr ayı ilə müqayisədə 38 dəfə azdır. Dövlət Neft Şirkəti 2013-cü ildə xaricə ümumilikdə 14 250 ton avtomobil benzini satıb ki, bu da 2012-ci ilə nisbətən 4,2 dəfə azdır.