ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

altABŞ-ın Arkanzas ştatının Senatında “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi xəbərə görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, Azərbaycanın Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Sənəddə enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində Azərbaycan ilə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkənin aparıcı rolu qeyd edilib.

Eyni zamanda, qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər vurmasına imkan verilməməsinin vacibliyi qeyd olunub. NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanıb.