Ukrayna, Rusiya, Almaniya, Fransa prezidentləri görüşəcək

alt

Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel Donbassdakı vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Ollandla müzakirə etmək barədə razılığa gəlib.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna prezidenti böhranın həlli istiqamətində Almaniya hökumətinin səylərini, xüsusilə də bu günlərdə XİN başçılarının Berlində keçirilmiş dördtərəfli görüşünü yüksək qiymətləndirib.

Tərəflər razılaşıb ki, danışıqlarda növbəti mərhələ yüksək səviyyəli görüşlər formatında olmalıdır. Məhz bu məqsədlə artıq dörd ölkənin (Ukrayna, Rusiya, Almaniya və Fransa) prezidentləri səviyyəsində dördtərəfli görüşün təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Poroşenko və Putinin görüşü barədə avqustun 15-də Avropa Birliyinin Rusiyadakı səfiri Viqaudas Uşatskas da söz açıb. Onun dediyinə görə, prezidentlərin görüşünə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da qatıla bilər.