Gürcüstan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilib
Gürcüstan paytaxtında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov və Georgi Kvirikaşvili arasında ikitərəfli görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər müzakirə edilib. Nazirlər bütün sahələrdə əlaqələrin daha da inkişafını vacib sayıblar.
Qeyd edək ki, E. Məmmədyarov “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin geniş formatda 6-cı qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbirə Aİ tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmidt qatılacaq.