Nazir: "Azərbaycan tranzit yükdaşımaları sahəsində Gürcüstanla optimallaşdırılmış tarif siyasəti həyata keçirəcək"

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən  verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Nazir Ş. Mustafayev qeyd edib ki, hər iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir: "Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bununla belə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə iri həcmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin I fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını daha da genişləndirir. Buna baxmayaraq, yükdaşımaların həcminin azalması müşahidə edilir".

Ş. Mustafayev Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradıldığını diqqətə çatdırıb, şuranın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, bu həftə ərzində tranzit yükdaşımaları üzrə optimallaşdırılmış tariflər elan ediləcək.

Azərbaycanın tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Şahin Mustafayev bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin, mövcud prosedurların sadələşdirilməsinin, koordinasiya işlərinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri D. Kumsişvili Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını tranzit daşımaların həcminin artırılmasında mühüm addım kimi qiymətləndirib, tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb. D. Kumsişvili Gürcüstanın da tranzit yükdaşımaları sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib, bu sahədə prosedurların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşüb.

Görüşdə ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.