Gürcü müxalifəti Azərbaycan qazını müdafiə etdi
"Hansı təhlükələr gözlənilir?".
Gürcüstanın energetika naziri Kaxaber Kaladze "Qazprom"ilə danışıqların bütün detallarını açıqlamalıdır.
"Dalğa TV" "Qruziya online"a istinadən xəbər verir ki, bu barədə deputat Zurab Caparidze bildirib.
"Əgər Gürcüstana əlavə təbii qaz tələb olunursa bunu Azərbaycan təmin edə bilər. Və ümumiyyətlə, danışıqlar niyə başladı və nə haqqında gedir, hansı təhlükələr gözlənilir? Biz konkret informasiya almalıyıq, söhbətin nədən getdiyini bilməliyik ki, təhlükənin olub-olmamasını qərara alaq", - Z.Caparidze bəyan edib.
Bununla yanaşı, "Azad demokratlar"ın üzvü Georgi Tsaqareşvili Kaxaber Kaladzeyə narahatçılığı kəskinləşdirməməyi və "düşmən əhval-ruhiyyəsində olan ölkənin, düşmən əhval-ruhiyyəsində olan şirkəti" ilə danışıqlar barədə informasiyanı açıqlamağı məsləhət görür.
Qeyd edək ki, yanvar ayının 12-də Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlara dair etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Qazprom"un Gürcüstan bazarına girməsinə imkan verməyəcəklərini bəyan ediblər.