Tiflisdə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunub
Azərbaycanın Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində E. Quliyev Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.
E. Quliyev Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili, habelə Gürcüstan Sərhəd Polisinin rəisi David Nikolaişvili ilə görüşüb.
D. Nikolaişvili ilə görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası müzakirə olunub.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Fərhad Tağızadə bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Gürcüstan Sərhəd Polisi ilə çox səmərəli əməkdaşlı edir: “Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olundu. Müzakirələr zamanı bir çox sahələrdə əməkdaşlığı daha da dərinləşdirilməsinin vacibliyini vurğulandı, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün memorandumun hazırlanmasına qərara alındı. Bu sənəd işlənib hazırlandıqdan sonra iki ölkənin sərhəd qurumlarının rəhbərləri tərəfindən imzalanacaq”.
F. Tağızadə sərhədlərin təxminən 65 faizinin delimitasiya olunduğunu bildirib: “Demarkasiyadan isə danışmaq hələ tezdir. Çünki delimitasiya başa çatmamış demarkasiyanın necə getdiyini deyə bilmərik. Bu istiqamətdə işlər tam yekunlaşdıqdan sonra demarkasiya barədə danışa bilərik”.