Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin 25 illiyinə həsr olunan tədbir keçirilib

Gürcüstanda Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin 25 illiyinə həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Azərbaycan səfiri Dursun Həsənov, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin 1+4 dövlət proqramının rəhbəri Kaxa Qabunia çıxış edərək Azərbaycan və Gürcüstan arasındakı diplomatik münasibətlərin inkişafından, ölkələrimizin dövlətçilik tarixindən, Azərbaycan və Gürcüstan iqtisadiyyatından, bu günkü siyasətdən, Gürcüstanla dostluq və əməkdaşlıq mühitindən, xarici siyasət istiqamətində hər iki ölkənin rolundan və bu siyasətin artıq yüksək səviyyədə formalaşdığından söhbət açıblar.

Tədbirdə çıxış edən Azərbaycanın XİN  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu il Azərbaycan və Gürcüstanda ölkələrimizin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan silsilə tədbirlərin, elmi konfransların keçiriləcəyini bildirib.

O, çıxışında SSRİ dağıldıqdan sonra Azərbaycan və Gürcüstanın müstəqillik əldə etdiyini bildirib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlərin əsası qoyulub və bu istiqamətdə Heydər Əliyevin rolu böyük olub. Bu gün müstəqillik əldə etmək çətindirsə, onu qoruyub saxlamaq o qədər də çətindir”. 

Azərbaycan siyasətindən danışan H. Hacıyev Ermənistanın öz çirkin niyyətlərinə nail ola bilmədiyini Azərbaycanın xarici siyasətinin müsbət nəticəsi olduğunu deyib: “Ermənistan siyasəti artıq iflasa uğramaqdadır. Azərbaycan dövlətini isə 155 dünya ölkəsi dəstəkləyir. Xalqımız öz ədaləti ilə tanınır, amma təəssüf ki, bu gün beynəlxalq münasibətlərdə ədalət yoxdur”.

Azərbaycan XİN sözçüsü Azərbaycan və Gürcüstan arasında tarixi dostluğun olduğunu qeyd edib: “Bu dostluq tarixin ən çətin dövrlərində özünü doğruldub. Azərbaycan Gürcüstanın ən yaxın strateji tərəfdaşıdır. Bu gün regionda birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz, Bakı-Tiflis-Qars dəmir yolu, Böyük İpək yolu layihələri müstəqilliyimiz və təhlükəsizliyimiz üçün böyük əhəmiyyət kəsb edir.  Bu il Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istismara buraxılması Gürcüstan və Azərbaycanın inkişafına təkan verəcək və hər iki ölkənin iqtisadi yüksəlişinə xidmət edəcək”.

H. Hacıyev Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri sülh olduğunu diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istədiyini bildirib: “Bizim siyasətimiz müasir, müstəqil Azərbaycan dövlətinin əməkdaşlıq, sülh və bərabərlik siyasətinin prinsiplərinə söykənib. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunan Azərbaycan torpaqlarını güc yolu ilə həll edə bilər, lakin biz sülh yolunu tutmuşuq”, - deyə mətbuat xidmətinin rəhbəri  bildirib.

O, bu beynəlxalq layihələrin həyata keçirilməsində Ermənistan rəhbərliyinin qeyri konstruktiv mövqeyi səbəbindən bütün layihələrdən kənarda qaldığını da xüsusi vurğulayıb.

Sonra H.Hacıyev Azərbaycanda beynəlxalq əməkdaşlıq, multikultural dəyərlərin, tolerantlığın inkişaf etdirilməsi barədə azərbaycanlı tələbələrə ətraflı məlumat verib. O, region üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri haqqında da danışıb.

Səfir D. Həsənov görüşdəki çıxışında Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin 1+4 dövlət proqramı çərçivəsində beynəlxalq dilləri mükəmməl öyrənməklə Gürcüstan cəmiyyətinə olan inteqrasiya proseslərini sürətləndirə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanda təhsilin inkişafına və azərbaycanlıların müxtəlif universitetlərə qəbulu üçün istənilən şərait və geniş imkanlar yaradılıb. Səfir azərbaycanlı gənclərə bu imkandan səmərəli istifadə etməyi tövsiyə edib.

Sonra H. Hacıyev və səfir D. Həsənov azərbaycanlı tələbələrin suallarını cavablandırıblar.