Tbilisidə Abxaziyadan olan məcburi köçkünlər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
Bu gün Tbilisidə Abxaziyadan olan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, məqsəd Ermənistanın onların dədə-baba yurdlarına qayıtmasına Avropa Şurasında maneə törətməsidir.
Aksiya təşkilatçılardan biri, “İşğala qarşı hərəkat” QHT-nin rəhbəri Onise Qerqetava Ermənistan hakimiyyətinin beynəlxalq toplantılarda Gürcüstan dövlətini dəstəkləmədiyini, Abxaziyadan olan məcburi köçkünlərin doğma torpaqlara qayıtmasına əngəl törətdiyini, Ermənistan nümayəndələrinin Avropa Şurasının müvafiq qətnaməsinə səs vermədiklərini, onların şantaj və düşmənçiliyinin hər addımda hiss olunduğunu bildirib: “Hazırda evlərimizdə Ermənistandan olan ermənilər yaşayır. Ermənistan səfirliyinə təqdim etdiyimiz qətnamədə tələb olunur ki, Ermənistan vətəndaşları olan ermənilər evlərimizdən çıxsınlar və biz evlərimizə qayıdaq”.
O. Qerqetava bildirib ki, onların tələblərinə cavab verilmədiyi təqdirdə etiraz aksiyası davam edəcək: “Tələbimiz odur ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin, dədə-baba yurdlarımıza qayıtmağımız üçün qəbul olunan qətnaməyə imza atsın, habelə Cənubi Qafqazda işğalçılıq siyasətinə son qoysun”.
Qeyd edək ki, Ermənistan səfirliyinə təqdim olunan qətnaməni mindən çox adam imzalayıb.