Acarıstan müsəlmanları yeni məscid tələb etməkdə davam edirlər
Ümid edirəm ki, Batumidə yeni məscidin tikintisi cari ildə başlayacaq.
Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları Birliyinin rəhbəri Tariel Nakaidze deyib.
Onun sözlərinə görə, hakimiyyət bu mövzuya münasibətini dəyişib və məscidin tikintisinə heç nə mane olmur.
“Batumidə yeni məscidin tikintisi ilə bağlı təşəbbüs qrupu yarım il ərzində yeni məscidin tikintisinə nail olmaq üçün hər şeyi edib. Biz 12 mindən çox imza topladıq və Batumi meriyasına müraciət etdik ki, torpaq sahəsi ayrılsın. Lakin buna nail olmadıq. Bundan sonra müsəlman icması öz hesabına torpaq sahəsi aldı, sənədlər hazırlandı və bu dəfə də biz məscidin tikintisinə icazə almaq üçün meriyaya müraciət etdik. Meriyanın cavabını gözləyirik. Müddət mayın 8-də bitir. Hesab edirəm ki, Batumidə yeni məscidin tikilməsi və hökumətin bu prosesdə iştirakı Gürcüstanda müsəlman icmasına hakimiyyətin münasibəti baxımından tarixi an olacaq”, - Tariel Nakaidze deyib.
Onun sözlərinə görə, son zamanlar onun Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşü olub və o, bu məsələ ilə bağlı müsbət mesajlar verib.
“Hesab edirik ki, məscidin tikintisini iki ilə başa çatdırmaq olar, əsas başlamaqdır. Dindarlar müəyyən məbləğ toplayıblar. Hakimiyyət də maliyyə cəhətdən kömək etsə, çox yaxşı olardı”, - Tariel Nakaidze bildirib.
Müsəlman icması Batumidə yeni məscidin tikintisi üçün general Aslan Abaşidze küçəsi 49 ünvanında torpaq sahəsi alıb. İcma Batumidə yeni məscidin tikintisini beş ildən çoxdur ki, xahiş edir.