Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 400-dək infrastruktur layihə həyata keçirilib

2017-ci ildə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində 400-ə yaxın infrastruktur layihə həyata keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə bölgənin qubernatoru Qriqol Nemsadze deyib. O bildirib ki, layihələrin ümumi dəyəri təxminən 58 milyon lari təşkil edib: “Cari ildə həyata keçirilmiş ən əsas layihələr mərkəzi və daxili yolların bərpası ilə bağlı olub. Bununla yanaşı, Tsalka, Marneuli, Qardabani və Rustavidə 60-a yaxın bağça yenidən qurulub. Bölgə üzrə 60-a yaxın idman obyekti bərpa olunub və təcili tibbi yardım mərkəzlərinin tikintisi davam etdirilir”.

Q. Nemsadzenin sözlərinə görə, 2017-ci ildə Marneuli rayonunun 3 kəndinin içməli su problemi həll olunub: “Qardabanidə 5 kəndin fasiləsiz su təminatı ilə bağlı genişmiqyaslı layihənin həyata keçirilməsi davam etdirilir”. 

O qeyd edib ki, 2018-ci ildə Kvemo Kartlidə infrastruktur layihələrin icrası davam etdiriləcək.