Marneuli rayonunun Təzəkənd kəndində etiraz aksiyası keçirilib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

"Dalğa TV"nin məlumatına görə, sakinlər qonşu Alget kəndindən Qırmızı Körpü magistral yoluna qədər uzanan 10 kilometrlik kənd yolunun asfaltlaşdırılmasının gecikməsindən və kəndə verilən içməli suyun vaxtında əhaliyə çatdırılmamasından şikayətləniblər.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev açıqlamasında Təzəkənd sakinlərinin tələbi ilə tanış olduqlarını, hətta sakinlərlə bir dəfə mövzu ilə əlaqədar görüşdüyünü bildirib: "Təzəkəndin yolu doğrudan da bərbad vəziyyətdədir. Kənd sakinlərinin tələbi düzgündür. Alget kəndindən Tiflis-Qırmızı Körpü magistral yolunadək 10 kilometr məsafəyə asfalt yol çəkilməlidir. Həmin yolun hələlik 3 kilometrini çəkmək istəyən şirkət tenderdə qalib gəlib, lakin bu şirkətin dövlətə borcu olduğuna görə tenderdən kənarlaşdırılıb. Sonra dövlət həmin 3 kilometr yolun tikintisini başqa şirkətə həvalə edib. Tenderin qalibi olan birinci şirkət isə məhkəməyə şikayət edib. Yolu düzəltmək istəyən şirkət mübahisəli məsələnin həllini gözləyir. Sonda hansı şirkətin asfalt çəkəcəyinə məhkəmə qərar verəcək. Digər 3 kilometr yolu Dünya Bankı maliyyələşdirəcək, son 4 kilometrə isə başqa bir şirkət cavabdehdir".

Təzəkəndin də daxil olduğu Alget ərazi icra nümayəndəliyinin mütəxəssisi Vaqif Ocaqverdiyev də problemin yaxın vaxtlarda həll olunacağını bildirib: "İçməli su probleminə gəlincə, əhalini içməli su ilə təmin edən "Rustavi Su" şirkəti sakinlərə fasilələrlə su verir. Əhali həmişə bu məsələni qaldırır. "Rustavi Su" şirkəti vaxtlı-vaxtında su xəttini təmir edə bilmir və nəticədə kəndlər içməli su ilə təmin olunmur. Məsələni həll etmək üçün rayon icra hakimiyyəti su xəttini öz balansına götürməlidir ki, əhali içməli su ilə təmin olunsun".