Dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

“Dalga tv” xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 20-dən çox yaralı var.