Zaur Vəliyev: Sankt-Peterburq metrosunda terrorçu-kamikadze mənim yanımda dayanmışdı

“Terrorçu “Sennaya meydanı” stansiyasında qatara mindi. Onun üzərində diqqətçəkən heç nə yox idi. Yalnız rənginin qaçması, üzünün solğun olması diqqət çəkirdi”.

Dalga tv  xəbər verir ki, bunu Report-a Sankt-Peterburq metrosunda törədilmiş terror hücumu zamanı yaralanan azərbaycanlı Zaur Vəliyev deyib.

Onun sözlərinə görə, terrorçu-kamikadze bir müddət onun yanında dayanıb: “Sonra mən çıxışa tərəf yaxınlaşdım. “Moskovskaya” stansiyasında qatardan düşmək istəyirdim. Aramızda bir neçə adam var idi. Yəqin, məhz elə bu məqam məni ölümdən xilas edib: partlayış dalğasını aramızda dayananlar öz üzərinə alıb və onların hamısı həlak olub. Məni isə partlayış dalğası vaqonun o biri tərəfinə atdı”.

Z.Vəliyevin sözlərinə görə, qatarın gəlib çıxdığı “Texnologiya institute” stansiyasında onun vaqondan çıxmasına yardım ediblər.

“Pəncərədən çıxdım, bir neçə şəxs mənə yardım etdi. Tüstü olduğuna görə nəfəs almaq çətin idi, ona görə də hamı çölə çıxmağa çalışırdı. Hər tərəfim qan içində idi. Dərhal məni təcili tibbi yardım maşınına qoyub apardılar, məhz təcili tibbi yardım maşınında huşumu itirdim”, - deyə azərbaycanlı vurğulayıb.

Partlayışa görə onun bir qulağının pərdəsi cırılıb, indi əməliyyat olunmalıdır. Terror hücumu gününü Zaur çətinliklə xatırlayır. Artıq İstintaq Komitəsinin müstəntiqləri onun ilkin ifadəsini alıblar.

Həkimlər, hələ ki, xəstəyə telefonla çox danışmaq icazəsi vermirlər.

Öz növbəsində, yaralının anası Kifayət Vəliyeva artıq Moskvada olduğunu, Rusiyanın 1-ci kanalında Sankt-Peterburq metrosundakı terror hücumuna həsr olunmuş verilişdə iştirak etdiyini söyləyib.

Onun sözlərinə görə, onların iştirakı ilə olan proqram efirə aprelin 14-də çıxacaq.

Xatırladaq ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.