Avropa Şurasının iqamətgahında Novruz bayramı ilə bağlı mərasim keçirilmişdir
Azərbaycanın Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Strasburqda- Avropa Şurasının iqamətgahında bu qurumun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü münasibətilə böyük mərasim təşkil olunmuşdur.
Novruz bayramı tədbirində Avropa Şurasının rəsmiləri, quruma üzv ölkələrin daimi nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Avropa Şurasının Mədəniyyət üzrə Daimi Komitəsinin iclasının iştirakçıları və digər qonaqlar iştirak etmişlər.
Tədbiri açan Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov iştirakçıları salamlamış, xalqımızın ən əziz bayramı olan Novruz haqqında məlumat vermişdir.
Diplomat Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı söhbət açmış və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu diqqətə çatdırmışdır.
Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu xatırladan səfir onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini bildirmişdir.
E. Eyyubov Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu diqqətə çatdırmışdır.
Sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva dünyanın müxtəlif ölkələrində yaşayan 300 milyon insanın Novruzu bayram etdiyini bildirərək demişdir: “Bu gün Novruz bayramı münasibətilə Avropa Şurasında keçirilən tədbirin əhəmiyyəti isə xüsusilə vurğulanmalıdır. Azərbaycana belə bir şərait yaratdığına görə təşkilatın rəhbərliyinə təşəkkür edirəm.”
Nazir müavini Novruz bayramının xüsusiyyətləri, hər il ölkəmizdə Prezident İlham Əliyevin təşkilatçılığı ilə bu bayramın yüksək səviyyədə qeyd edilməsi haqqında da danışmışdır.
Avropa Şurasının demokratik idarəçilik üzrə direktoru Klaudia Luçiani Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoninin adından Novruz bayramı münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bu bayramın mədəni müxtəlifliyə, mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyini vurğulamışdır.
Çıxışlardan sonra Azərbaycanın Xalq Artisti Yusif Qasımovun rəhbərliyi ilə Bakı Xoreoqrafiya Məktəbinin gənc rəqqaslarından ibarət rəqs qrupunun təqdimatında Azərbaycanın milli rəqsləri ifa edilmişdir. Gənc rəqqasların məharətli çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır
Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri və bayram şirniyyatları təqdim olunmuşdur.