ABŞ prezidentliyinə namizəd: “Müsəlmanlar ölkəyə buraxılmasın”

ABŞ prezidentliyinə namizəd Respublikaçılar Partiyasının üzvü milyarder Donald Tramp Kaliforniyanın San Bernardino şəhərində baş vermiş terrora görə yeni təkliflə çıxış edib.

Dalga TV Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ-da 2016-ci ilin noyabr ayında keçiriləcək prezident seçkiləri üçün yarışan əmlak imperatoru Donald Tramp müsəlmanların əleyhinə fikirlər səsləndirib. Donald Tramp ABŞ rəhbərliyini müsəlmanların ölkəyə girişinin qadağan edilməsi ilə bağlı qərar qəbul etməyə dəvət edib: “Nifrətin ağıl almaz ölçülərə çatdığı çox açıqdır. Bu nifrətin haradan gəldiyini və səbəbini təyin etmək məcburiyyətindəyik. Ölkəmiz cihada inanan, insan həyatına heç hörmət etməyən şəxslərə qurban edilməməlidir".

Trampın seçki kampaniyası üzrə nümayəndəsi Corey Levandovski isə namizədin təklif etdiyi qadağanın ABŞ-a immiqrant ya da turist olaraq girmək istəyən hər kəs üçün etibarlı olduğunu söyləyib.

ABŞ prezidenti Barak Obama Trampın hədsiz dərəcədə nifrət dolu dini ayrı-seçkilik şərhinə anında reaksiya verib. Ağ Evdən edilən şərhdə Trampın açıqlamasında dilə gətirdiyi yanaşmanın Amerika dəyərlərinə zidd olduğu bildirilib.