Trampın prezidentliyinə təhlükə: üç kritik ştatda səslər yenidən sayılır
ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy səngiməmiş proseslər gözlənilməz istiqamətdə dəyişir.
Milyarder Donald Trampın öz komandasını formalaşdırıb başa çatdırmaq üzrə olduğu bir vaxtda gözlənilmədən seçkilərin üçüncü iştirakçısı, Yaşıllar partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib
Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə ənənəvi olaraq iki partiyanın-respublikaçıların və demokratların namizədləri arasında gedir. Çünki onlar ABŞ siyasi sisteminin iki əsas oyunçusudur və bu ölkədə çoxsaylı başqa siyasi partiyalar qeydiyyatda olsa da heç biri ümumölkə miqyasında ciddi populyarlığa malik deyil. Demokratların siyasi platformasına yaxın olan Yaşıllar partiyası da belədir və bu partiyanın namizədi hər dəfə prezident seçkilərində öz namizədini irəli sürür. Və bir qayda olaraq 1-2 faizdən çox səs toplaya bilmir. Lakin indi istisna deyil ki, Yaşıllar partiyasının seçki dövründə heç kimin yadına düşməyən namizədi səsvermənin dünyanı heyrətə salan nəticələrinin ləğvinə səbəb ola bilər.
Məsələ burasındadır ki, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq. O, Viskinsonla yanaşı Miçiqan və Pensilvaniyada da “statistik anomaliyalarla bağlı” səslərin yenidən sayılmasını tələb edəcəyini bildirib. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq.