Tiflisdə qafqazşünas alimlərin qatıldığı IV Beynəlxalq Qafqaz Konqresinin açılışı olub

Bu gün İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində qafqazşünas alimlərin qatıldığı IV Beynəlxalq Qafqaz Konqresinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konqresdə TDU rektoru Georgi Şarvaşidze, TDU nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunun direktoru Tsira Baramidze, parlamentin diaspora məsələləri üzrə komitəsinin sədri Zviad Kvaçantiradze, Bakı Dövlət Universitetinin baş elmi işçisi, Azərbaycan-Udin Mədəni cəmiyyətinin rəhbəri Robert Mobili, Dağıstandan gələn alimlər və beynəlxalq ekspertlər iştirak ediblər.

T. Baramidze Qafqaz xalqlarının Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yaşadığını, onların dillərinin inkişafının təhlükədə olduğunu bildirib. G. Şarvaşidze isə UNESCO-nun gürcü əlifbasının dünya dilləri qrupuna mədəni irs kimi daxil edilməsi barədə qərar verdiyini bildirib.

T. Baramidze APA-ya açıqlamasında konqresin banerində Azərbaycan adının, xüsusilə Alban mədəniyyəti və dili ilə bağlı məlumatların yer aldığını bildirib: “Bizim üçün Azərbaycan çox vacib bir ölkədir. Azərbaycanda olan nəsillərin varisinin tarixini öyrənməliyik”.

R. Mobili isə tədbirdə “Azərbaycanda multikulturalizm Udin modeli çərçivəsində” adlı mövzu ilə çıxış edəcəyini bildirib: “Çıxışımla Azərbaycan həqiqətlərini dünyaya çatdıracağam və bildirəcəyəm ki, bu ölkədə xalqlar və etnoslar özlərinin multikultural dəyərlərini qoruyub saxlayır”.