İsveçdə ən böyük şiə məscidi yandırılıb

İsveçdə Stokholmun ətrafında Yerfelleda yerləşən İmam Əli şiə məscidində bazar ertəsi yanğın baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, “Məscidin yandırıldığı ehtimal edilir”, - Stokholm polisinin nümayəndəsi Lars Bistrem bildirib. 

Yanğın haqqında məlumat polisə bazar günü 23:16-da daxil olub. Xəsarət alanlar haqqında məlumat yoxdur. 

Məscidin binasında yerləşən kitabxanada 3 minə yaxın kitab var. Kitabların yanmasına dair məlumat yoxdur. 

“İlkin proqnozlara müvafiq olaraq, binanın 30-50%-i zədələnib, bu, hazırda əlimizdə olan məlumatdır”, - məscidin nümayəndəsi Aki Zahiri İsveç telekanalına bildirib. 

Onun sözlərinə görə, məscidin binasının sahəsi təxminən 3500 kvadratmetrdir.