Adı Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk gürcüstanlı azərbaycanlı
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kəndinin sakini Etibar Budaqlının adı Ginnesin Rekordlar Kitabının 2014-cü ildə işıq üzü görmüş nəşrinə daxil edilmişdir.
Yeni nəşrin Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyində təqdimat mərasimi keçirilmişdir.
Qeyri-adi bioenerjiyə malik olan idmançı bədənində yüz kiloqramdan çox dəmir əşyanı saxlaya bilir. O, İtaliya, Çin, Almaniyada çıxışları ilə tamaşaçıları təəccübləndirmiş, bu sahədə 12 dəfə rekordu təzələmişdir.
Etibar Budaqlı demişdir: “Bu yaxınlarda Qafqaz Rekordlar Federasiyasını təsis etmişəm. Məqsədim Azərbaycanda və Gürcüstanda qeyri-adi istedada malik olanları üzə çıxarmaq, onları Ginnesin Rekordlar Kitabına istiqamətləndirməkdir. Bununla əlaqədar müxtəlif qurumlarla məsləhətləşmələr aparılır”.
E.Budaqlı adı Gürcüstanda Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk azərbaycanlıdır.