Marneulidə azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində yaşayan azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir.
Marneuli Gənclər Mərkəzinin təşəbbüsü ilə baş tutmuş tədbirdə onun üzvləri ilə yanaşı, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr də iştirak etmişlər.
Hüquqşünaslardan Tsismari Andriaşvili və Muradxan Hüseynov seminar-treninq iştirakçılarına erkən evlilik, boşanma ilə əlaqədar məhkəmələrə müraciət və digər məsələlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışlar.
Sonra “Gənc liderlərin Forumu: Gürcüstan-Azərbaycan-2013” layihəsinə həsr olunmuş 25 dəqiqəlik videomaterial nümayiş etdirilmişdir. Azərbaycan “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov videoçarx barədə gənclərə ətraflı məlumat vermişdir.