Dalga Televiziyasi İNFARKT ADDIM-ADDIM BİZİ İZLƏYİR
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3201
DünənDünən6004
Bu həftəBu həftə34144
Bu ayBu ay39932
Bu günə qədərBu günə qədər8401563

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İNFARKT ADDIM-ADDIM BİZİ İZLƏYİR

Əvvəllər ürək xəstəlikləri 50 yaşdan sonra təhlükəli idi

Amma son illər 40 yaşdan sonra bu xəstəliyə tutulan insanların sayı da artıb

Azərbaycanda 2017-ci ildə insan ölümünün əsas səbəbi açıqlanıb.
Millət vəkili, kardioloq-cərrah, Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda insan ölümlərinin əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu deyib. O, bu göstəricinin 57.8 faiz təşkil etdiyini deyib: "Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var və biz bununla bağlı tədbirləri təxirə salmamalıyıq”.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da "Şərq”ə açıqlamasında bildirib ki, son 10 ildə ürək-damar xəstəliyindən əziyyət çəkən insanların sayı çoxalıb və xüsusən də xəstəliyin cavanlaşması müşahidə olunur. Həkimin sözlərinə görə, xəstəliyin artmasına təsir edən faktorlar müxtəlifdir. Əsas amil bədəndə maddələr mübadiləsinin pozulmasıdır: 
"Ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biri hipertoniyadır. Ürəyin işemik xəstəliyi (miokard işemiyası) geniş yayılmış patalogiyalardan biridir. İnfarkt və beyin qan dövranının pozulması da ürək xəstəliklərindən qaynaqlanır. Xolesterinlə zəngin qida qəbulu ateroskleroz, yaxud damarların tutulması xəstəliyinə səbəb olur”.
Ş.Məmmədovun sözlərinə görə, ürək-damar xəstəliklərinə genetik amilin də rolu həlledicidir. Demək olar ki, 90-95 faizi bu səbəblə bağlıdır. Ekologiya və stress də mühüm faktorlardandır: 
"Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar xəstəliyi tutursa, ikinci yeri də onkoloji xəstəliklər tutur”.
Həkim deyib ki, ötən illərdə ürək xəstəlikləri 50 yaşdan sonra daha təhlükəli idi, amma son illər 40 yaşdan sonra bu xəstəliyə tutulan insanların sayı da artıb. Təsadüfi hallarda 26-28 yaşında olan insanlar infarkt olur: "Erkən diaqnostika zamanı xəstəliyin fəsadlarını aradan qaldırmaq olur. Hipertoniya və ürəyin işemik xəstəliyi kimi gecikmələr zamanı isə xəstənin vəziyyəti daha gərgin olur. Bəzən də ölüm halları ilə nəticələnir”.
"İnfarktın artmasının qarşısının alınmasında ən böyük rol Kütləvi İnformasiya Vasitələrinin(KİV) xüsusən də televiziyanın üzərinə düşür”. Bunu isə kardioloq Günay Rəhimova bildirib. O vurğulayıb ki, ürək-damar problemlərinin yaranma səbəbləri, əlamətləri dəfələrlə incələnib: "İnfarktın artması ilə bağlı bir neçə dəfə, həyəcan təbili çaldıq. Onun indiki həddə çatmaması üçün yollar axtardıq. Birinci növbədə gücü, diqqəti siqaretlə mübarizəyə yönəltmək lazımdır. Gənclər arasında siqaret alüdəçiliyi çox artıb. Mən yanıma gələn gənc pasientlərin hamısına bir misal çəkirəm: əgər miokard infarktı keçirmiş 10 xəstə ilə söhbət ediriksə, onlardan mütləq 7-8-i uzun illərin siqaret çəkənləridir. Həmin 7-8 xəstənin arasında infarkt keçirib, o ağrının dəhşətini yaşayanlardan azı 3-4-ü siqaretdən elə həmin an imtina edib. Ancaq bu, iş işdən keçdikdən sonra baş verib. Xəstə infarkt keçirdikdən sonra əksər hallarda onun ürəyinin yığılma qüvvəsi çox aşağı düşür və bu, onun gündəlik həyatdakı tələbatlarının ödənilməsini çətinləşdirir. Buraya nəinki iş görmə qabiliyyəti, həmçinin sosial həyat, istirahət, xoş güzəran aiddir. 
Xəstə hər şeydən təcrid olur və belə vəziyyət onun psixoloji durumunun pozulmasına gətirib çıxarır. Gənclərə həmişə bir sual verirəm: Niyə sağlam, gözəl yaşamaq varkən, siqaret sizi özünün quluna çevirir? Bu mənə görə iradə zəifliyindən başqa bir şey deyil. O səbəbdən, gözəl çəkilmiş sosial çarxlar insanda qorxu hissi yarada bilər və bu, zərərli vərdişlərlə mübarizədə stimul ola bilər. Bir müddət əvvəl hökumət qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoydu. Hər kəs qaydalara riayət edərsə, bu, çox doğru addımdır. 
Qadınlarda siqaret çəkmə halları artıb. Əvvəllər xəstədən anamnez toplayanda qadına "siqaret çəkirsinizmi?” sualını vermək ayıb, sayılırdı, amma indi soruşuram. Və gənc xanımların bəzilərindən "hə” cavabı alıram. Qadın vücudu özü qədər incə olduğundan təbii ki, siqaretin də ona ziyanı daha çoxdur. Bəzən deyirlər tütünü az, ya nazik siqaret istifadə edirik. Heç bir fərqi yoxdur. Nikotin varsa, zərər də var”.
Kardioloq onu da vurğulayıb ki, siqaretdən başqa alkoqol, narkomaniya da ürəyin ən ciddi düşmənlərindən sayılır: "Piylənmə ciddi şəkildə risk faktorudur. Bununla bağlı dəfələrlə danışıb, zərərlərini demişik. Piylənmə ilə mübarizənin iki yolu var: qidalanma tərzini dəyişmək və idman etmək. İdmana alışqanlıq məktəb yaşlarından başlanmalıdır. Sovet vaxtı buna çox ciddi riayət edilirdi. İndi uşaqların əksəriyyəti idman dərsinə getmir. 
Əvvəla ona görə ki, orada keyfiyyətli idman təlimi verilmir, ikincisi isə idmana sərf edəcəkləri zamana universitet hazırlıqlarına daha çox vaxt ayırarlar deyə düşünürlər. Halbuki, sağlam bədənin ruhu da, zehni də daha sağlam olar. İdmanın bütün növləri ürəyə xeyirli deyil. İndi cavanlar bodibildinqə çox meyl edirlər. Unutmayaq ki, ürək də bir əzələdir və biz bədənimizi əzələlərimizi bərkitdiyimiz və qalınlaşdırdığımız zaman ona da bu təsiri vermiş oluruq. Nəticədə ürəyin daxili kiçilir. Orada bəzi aritmiyaların yaranması, nəbzin ciddi yavaşıması ola bilər. İdman zamanı qəbul edilən bəzi dərmanların infarkt yaratma ehtimalı çox böyükdür. Qidalanma tərzini hər insan özü seçir. 
Burada da həm uşaq vaxtlardan qidalanma tərzinin normal olması valideyndən, məktəb və universitet müəllimlərindən və təbliğatdan (internet yazıları, sosial çarxlar) asılıdır. Stressdən qorunmaq qeyri-mümkündür, mütləq ki bu hal bizi işdə evdə, küçədə gözləyir. Ancaq bunun da öhdəsindən gəlmək olar. Mütaliə ilə məşğul olan, daxili fəlsəfəsi dərin insan az hallarda əsəbləşər. Həyatda hər şeyin keçici olduğunu düşünsək, nələrinsə uğrunda etdiyimiz çabalamalar bizə boş görünəcək. Daxilimizi, ruhumuzu, mənəviyyatımızı zənginləşdirsək, bədənimiz də buna müsbət cavab verəcək”.

Saytda Axtarış

Son xəbərlər