Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2574
DünənDünən6240
Bu həftəBu həftə27513
Bu ayBu ay33301
Bu günə qədərBu günə qədər8394932

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə bağlı xeyriyyə aksiyası keçirilib

Gürcüstanda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində xeyriyyə aksiyası keçirilib. 
 

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Qori rayonunun Tinisxidi kəndində ətraf Tedotsminda və Xidistavi kəndlərinin yerli sakinləri üçün pulsuz tibbi müayinə təşkil olunub. 
 

Xeyriyyə tədbirində Azərbaycan səfiri Dursun Həsənov, Şida Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze və Qori meri Konstantin Tavzaraşvili iştirak edib. 
 

D. Həsənov gələcəkdə də bu cür xeyriyyə tədbirlərinin təşkil olunacağını bildirib. Şida Kartli qubernatoru bu xeyirxah aksiyaya görə Azərbaycan səfirliyinə təşəkkür edib. O bildirib ki, gələcəkdə də Azərbaycan səfirliyi ilə əməkdaşlıq davam etdiriləcək.
 

Aksiya zamanı Tedosminda kəndinin azərbaycanlı sakinləri də müayinə olunub. Sakinlər "Loğman" tibb mərkəzinin müxtəlif profilli həkimləri tərəfindən müayinə olunub, bəzilərinə müalicə təyin edilib. 

Gürcülərin Almaniyadan kütləvi deportasiyası başlayıb

Avropa İttifaqı ərazisində qalmaq şərtlərini pozan gürcü vətəndaşları kütləvi şəkildə Almaniyadan deportasiya olunur.

Bu barədə Gürcüstanın Baş konsulluğu məlumat yayıb.

"Dünən Almaniya Federativ Respublikasından növbəti readmissiya həyata keçirilib, 65 vətəndaş qaytarılıb", - deyə, diplomatik missiyadan bildiriblər.

Agentliyin məlumatına görə, bu məlumatı sosial şəbəkələrdə Almaniyada yaşayan gürcülər yayıb. Onların məlumatına görə, ölkədən çıxarılanlar Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq torpaqlarında yaşayıblar. Bildirilir ki, yaxın vaxtlarda analoji işlər üzrə çoxsaylı məhkəmə iclasları təyin olunub və bu məhkəmələrdə işlərə çox tez baxırlar.

Qeyd edək ki, 2017-ci ilin martında Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qurulub. Gürcüstan vətəndaşları vizasız 90 gün ərzində Avropa İttifaqı və Şengen ölkələrində qala bilərlər. Lakin iş və ya tədris üçün viza almağa məcburdurlar. Qaydaları pozanları Gürcüstana deportasiya edir və 3 min avro cərimələyir, həmçinin 5 il ərzində Aİ-yə gəlməyə qadağa qoyurlar.  

Xərçəngi öldürən GİLƏMEYVƏ

Son elmi araşdırmalar böyürtkənin xərçəng əleyhinə təsirini aşkar edib. Araşdırmalar göstərib ki, böyürtkən ekstraktı xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

Bu səbəbdən mütəxəssislər bu faydalı giləmeyvəni  xərçəng xəstəliyindən əziyyət çəkən insanların qidalanmasına daxil etməyi tövsiyə edirlər.

Böyürtkən C vitamini (günlük dozanın 1/3 hissəsi) və marqansla zəngindir. C vitamini insan sağlamlığı üçün ən vacib maddələrdən biridir. C vitamininin güclü  antioksidant xüsusiyyətləri var ki, bu maddə orqanizmi xroniki xəstəliklərin inkişafından, o cümlədən xərçəngdən qoruyur, qocalmanı ləngidir, damarların sağlamlığını və elastikliyini təmin edir.

Marqans sinir sisteminin normal fəaliyyəti üçün çox vacib, qaraciyəri piylənmədən qoruyur, qadın cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir, sümüklərin sağlamlığı üçün önəmlidir.

Böyürtkən həmçinin K vitamini ilə də zəngindir. Bu vitamin qanın laxtalanma sistemində olduqca böyük rol oynayır.

Böyürtkənin 100 qr-da yalnız 46 kalori var. Bu səbəbdən çəki problemi olan insanlar da bu faydalı giləmeyvəni öz rasionuna daxil edə bilərlər.

Böyürtkən antosian maddələrlə olduqca zəngindir. Məhz bu maddələr hüceyrə səviyyəsində xərçənglə mübarizə aparır, xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.

Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından APA-ya verilən məlumatda bildirilir ki, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

"Son günlər hava şəraiti kəskin pisləşib, temperatur düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Fövqəladə Hallar Nazirliyi bir daha təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı tövsiyyə edir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik.

Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.

"İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır"  desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir. Bu aylarda əsasən də xanımlar saçlarını düzləşdirdikdən, yaxud da hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə, baş üçün hər hansı örtükdən istifadə etmirlər. Hətta zarafatyana "gözəllik qurban tələb edir" deyərək, sağlamlıqlarını böyük təhlükə altına alırlar. Amma hər dəfə qışda evdən başıaçıq çıxanda, valideynlər sağlamlığımıza böyük ziyan vurduğumuzu deyirlər. Bu, doğrudanmı belədir? Görünüş gözəl olur, bəs sağlamlığımıza nə kimi ziyan vururuq?

Həkimlər bildirirlər ki, soyuq və sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun olaraq qalın geyinmək lazımdır. Çünki soyuq havada çox qaldıqda, orqanizmin müdafiə qüvvəsi aşağı düşür və xəstələnmək üçün şərait yaranır. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını əngəlləmək qışda qorunmağın ən əsas yollarından biridir. Soyuq havalarda başıaçıq gəzmək üz iflicinə səbəb ola bilər. Soyuq hava sinirlərin gərilməsinə şərait yaradır və üzdəki əzələlərin idarə edilməsinə maneçilik törədir. Buna görə də, əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur. Üz iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən, üz iflici alını qırışdırmağa mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın kənarları düz qalır.

Tibb üzrə ekspert, professor Adil Qeybulla kaspi.az-a açıqlamasında bildirir ki, baş örtükləri hər fəsildə istifadə oluna bilər: "Yayda günəş şüalarından, qışda isə soyuqdan qorunmaq üçün papaq və şərfdən istifadə etmək lazımdır. Əks halda, insan, müalicəsi çətin olan bəzi xəstəliklərə tutula bilər. Lakin bəzi insanlar baş örtüyündən çox istifadə edir. Bir tərəfdən, bu da ziyandır. Çünki başın dərisi nəfəs almalıdır, saç diblərini çox havasız saxlamaq olmaz. Əks halda, saçlar tökülə bilər".

Həkim deyir ki, baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur: "Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutula bilər. Qulaqlar soyuğa xüsusilə, həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara, vaxtında müalicə olunmadıqda, karlığa da gətirib çıxara bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır".

Müsahibimiz bildirir ki, papaq qoymamaq bəzi xroniki xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir: "Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riski xeyli artır. Xüsusilə, bu, xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər".

"Papaqda saçlar əzilir, düzümü korlanır deyə, bir çoxları saçlarını "qorumaq" məqsədi ilə papaqdan imtina edir" deyən ekspert bildirir ki, əksinə, soyuq, saçların sağlamlığına çox ciddi ziyan vurur: "Soyuqda baş dərisinin kapilyar damarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir - saçlar zəif, nazik, cansız olur, tökülür. Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu, çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər. Həmçinin, başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər".

Müsahibimiz deyir ki, başın soyuqlaması miqren tutmasına da gətirib çıxarır. Bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb.

Sarımsaqlı su. Damarları təmizləyən UNİKAL VASİTƏ

Sarımsaq damarları xolesteroldan təmizləyən ən əffektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölklərdə aparılan elmi  araşdırmalar təsdiq edib.

Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər.

Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarlar xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.

Saglamolun.az rusiyalı fitoterapevt Konstantin Makarovun damarları xolesteroldan təmizləyən sarımsaqlı suyun reseptini  təqdim edir.

Tərkib:

- 1 iri baş sarımsaq

- 1 stəkan su

Hazırlanması:

Sarımsağı təmizləyin, əzin, üzərinə soyuq qaynanmış su tökün, 1 həftə sərin yerdə saxlayın (vaxtaşırı olaraq qarışdırın). 1 həftədən sonra məhlulu yaxşı süzün və sonra qapağı kip bağlı bankada soyuducuda saxlayın.

İstifadəsi:

Hər gün səhər 1 çay qaşığı için. Müalicə kursu - 1,5 ay. Daha sonra 1,5 ay fasilə verin və müalicəni təkrarlayın. Belə müalicə kurslarını daim etmək olar.

Sarımsaqlı su damarları təmizləməqlə yanaşı həmçinin immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabı azaldır, qurdqovucu təsir edir, xərçəngdən qoruyur.

Diqqət! Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, öd daşı xəstəliyi, pankreatit zamanı sarımsaqlı suyun qəbulu qadağandır.

Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı açıqlandı

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada ölüb.

Bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimovməlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1969-ci il təvəllüdlü Quliyeva Sevinc Şiraslan qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda 3 nəfərinin xəstəxanada olduğunu, onların da vəziyyətinin ağır olduğunu söyləyib.

Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüb. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1936-cı il təvəllüdlü İzzət Quliyeva, 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva və 1969-cu il təvəllüdlü Sevinc Quliyeva ağır yanıq xəsarətləri alıb.

Mənbə: APA

Tbilisi hava limanının fəaliyyətində problem yaranıb

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava  limanının fəaliyyətində problemlər yaranıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroport bir neçə aviareysin qəbulunu ləğv edib.
 

 

Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib.


Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir. 

Tbilisidə Xocalı soyqırımına həsr edilmiş qanvermə aksiyası keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqrımının 26-cı ildönümü ilə bağlı qanvermə aksiyası keçiriləcək.
 

APA-nın yerli bürosunun məlumatına görə, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanda fəaliyyət göstərən "Loğman" tibb mərkəzi tərəfindən təşkil olunacaq.
 

 

Könüllü aksiya fevralın 26-da saat 9:00-dan 13:00-dək səfirliyin inzibati binasında baş tutacaq.

Möcüzə yaradan üç sadə komponent - Alman təbiblərinin resepti

Təbii vasitələrlə müalicə ən səmərəli, məhsuldar və zərərsiz üsuldur. Ona görə də indi insanlar daha çox alternativ tibbə müraciət edir.

Publika.az bu yazıda oxucuları təzyiqi normaya salan reseptin faydaları ilə tanış edib.

Zəncəfil, sarımsaq və limon qarışığı

Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.

Sarımsaq yaxşı antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Sarımsağın tərkibinə geniş mikroelementlər spektri daxildir: Natrium, kalium, kalsium, sink, fosfor, mis damarlara müsbət təsir göstərir. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla zəngindir.

Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfili heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edirlər. Onun tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktikası və müalicəsi üçün effektiv vasitədir.

Və nəhayət limon C vitamini anbarı hesab olunur. Meyvə orqanizmdə turşululuq səviyyəsini tənzimləyən qələvi xüsusiyyətlərə malikdir. Bundan əlavə, sitrus meyvəsi orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyalar artırır və mübadilə proseslərini sürətləndirir.

Limon, zəncəfil və sarımsaq qarışığı arteriya və təzyiqi ilə mübarizədə gözəl və səmərəli vasitə olacaq.

İnqrediyentlər:

- 4 limon

- 4 baş sarımsaq

- 2 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil

- 2 stəkan su

Hazırlanması:

1. Limon və zəncəfili ehtiyatla yuyun.

2. Limonu qabığı ilə birlikdə doğrayın.

3. Sonra sarımsaq və zəncəfili təmizləyin.

4. Zəncəfil, sarımsaq və limon dilimlərini birlikdə blenderdən keçirin.

5. Qarışığı qazana tökün və su əlavə edin. Cövhər qaynayana qədər daim qarışdırın.

6. Daha sonra mayeni bankaya süzüb soyuducuda saxlayın.

Mayeni səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan için. Müalicə kursunu üç həftə ərzində davam edin. Zövq üçün içkiyə bal da əlavə etmək olar! Sonra bir həftə fasilə verin və daha sonra eyni müddət ərzində müalicəyə yenidən başlayın.

Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə və ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə qısa müddətdə arteriyaları təmizləməyə kömək edəcək.

Şaurma almadığına görə ərindən ayrıldı

Misirli qadın ona şaurma almadığına görə ərində boşanmağa qərar verib.

Bu qeyri-adi insident barədə "Khaleej Times" məlumat yayıb.

"Bizi valideynlərimiz evləndirib. Onu ilk dəfə toydan bir neçə ay əvvəl görmüşəm, o vaxt onun belə xəsis olduğunu hiss etməmişdim", – deyə qadın bildirib.

Şikayətçinin sözlərinə görə, nikahın elə ilk həftəsində əri gəzməyə getməyə nifrət etdiyini, pul itkisi olduğunu söyləyib.

Toydan 40 gün sonra qadın onu evdən çölə çıxarmağı bacarıb. Gəzinti zamanı qadın ərindən ona şaurma almağı xahiş etsə də, əri bundan imtina edərək, ona artıq meyvə şirəsi aldığını söyləyib.

Kişi onu merkantillikdə ittiham edərək, qalmaqal salıb. Bundan sonra qadın birdəfəlik olaraq belə qərara gəlib ki, valideynlərinin evinə qayıtsın. O, eyni zamanda, əri ilə bağlanmış nikaha xitam verilməsi üçün məhkəməyə ərizə ilə müraciət edib. Yaxın həftələrdə məhkəmədə ərizəyə baxılacaq.  

2013-cü Misir qadınlara qarşı münasibətin ən bərbad vəziyyətdə olduğu ərəb dövləti seçilib. Ölkədə qadınlara qarşı zorakılıq ən yüksək səviyyədədir. İnsan haqları təşkilatlarının etirazlarına baxmayaraq, azyaşlı qızlar sünnət olunur, qadınlar hakimiyyət orqanlarında təmsil olunmur.   

Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb

Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva bürosuna verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən "Dolq" ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.

Müharibə zamanı yer üzündən silinmiş kəndin yerləşdiyi ərazidə 1943-cü ilə aid məzarlıq aşkar edilib. Oradan 26 döyüşçünün meyiti eksqumasiya edilib. Bundan əlavə, müvafiq araşdırma zaman məlum olub ki, tapılan cəsədlər 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad edilməsində iştirak etmiş 101-ci atıcı briqadasının döyüşçülərinə məxsusdur. Onların hamısının adları müəyyən edilib.

21 sentyabr 2017-ci il tarixində qeyd olunan əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin "Xatirə meydanı" memorialında bütün hərbi və dini ayinlərə riayət olunmaqla, təntənəli surətdə dəfn edilib.

Həlak olanlar sırasında əslən Rusiyanın Tula, Saratov, Perm, Voronej şəhərlərindən, həmçinin Gürcüstan, Özbəkistan, Ukrayna, Qazaxıstan və Azərbaycandan (1 nəfər) olmuş hərbçilər var. Soydaşımızın Laçın rayonundan olan 1907-ci il təvəllüdlü yefreytor Mirzəyev İbiş Rza oğlu olduğu müəyyən edilib. Onun məzarının tapılması haqda xəbər "Dolq" tərəfindən qohumlarına çatdırılıb.

Bu ilin 17-18 fevral tarixlərində təşkilat bütün həlak olmuş hərbçilərin yaxınlarını bir araya yığaraq 101-ci atıcı briqadasının döyüşçülərinin xatirəsini anmaq məqsədi ilə təntənəli matəm tədbirləri keçirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən, səfirlik tərəfindən yefreytor İ. Mirzəyevin qohumlarının sözügedən tədbirdə iştirakı üçün dəstək göstərilərək, onların Smolenskə səfəri təşkil olunub. 

Saytda Axtarış

Son xəbərlər