Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4383
DünənDünən5773
Bu həftəBu həftə41099
Bu ayBu ay46887
Bu günə qədərBu günə qədər8408518

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Dəfnə yarpağının inanılmaz faydaları - Bioloq-alim sadalayır

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

Dalga tv-nin AzərTAc-a istinadən məlumatına görə, AMEA-nın Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin sözlərinə görə, Azərbaycanda dəfnə ağacına daha çox Xəzər dənizinin sahili ətraflarında rast gəlmək olar: “Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.

Həmişəyaşıl dəfnə ağacının yarpaqları yay və qış aylarında tökülmür, may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Bitkinin zəhərli çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz”.

A.Mehralıyev deyir ki, dəfnə yarpaqlarından təkcə xörəklərə dad qatmaq üçün istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri də var: “Belə ki, tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngin olan dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meylli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür”.

Bioloq-alim dəfnə yarpağı və meyvələrinin faydalarını da sadalayıb:

Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, qulunc və revmatizm ağrılarında gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.

Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirilməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır.

10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.

Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.

Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir.

Dəfnə yarpağının dəmləməsi şiddətli başağrılarını aradan qaldırır.

100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcunun gün ərzində qaşıq-qaşıq yeyilməsi başağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

A.Mehrəliyev bitkinin kosmetoloji sahədə istifadəsindən də danışıb. O bildirib ki, üzərində çivzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlanandan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.

Bundan başqa, dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstdə qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.

Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir.

Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir. 

Yaz allergiyasından qorunmağın yolları

Yaz aylarında tozcuqların havaya yayılması burun qaşınması, asqırma, burun tıxanması, gözlərdə sulanma, qaşınma kimi allergik əlamətlərin ortaya çıxmasına səbəb olur. Türkiyəli professor Əhməd Akçay yaz allergiyasının sinüsit, qulaq iltihabı, astma kimi sağlamlıq problemlərinə səbəb olduğunu, uşaqlarda dərs qabiliyyətinə təsir etdiyini bildirib.

Dalga tv  Aile.lent.az-a istinadla yaz aylarında allergiya problemi ilə bağlı mütəxəssisin fikirlərini təqdim edir.
 
Ə.Akçay bahar allergiyası olan uşaqların burunlarının tıxalı olduğunu, yuxu keyfiyyətinin pozulduğunu, yaxşı yuxu ala bilməyən uşaqların isə gün boyu özlərini yorğun və halsız hiss etdiklərini deyir. Bu isə məktəb müvəffəqiyyətinə ciddi təsir edir:

“Yaz aylarında allergik xəstələrin gözləri, burun və ağciyərlərində həssaslıq yaranır. Onlar burunlarının tıxalı olmasına baxmayaraq, qoxulara qarşı həddindən artıq həssas olurlar. Bahar allergiyası olan uşaqlar qoxulara qarşı həddindən artıq həssas olduqları üçün onların paltarları qoxusuz yuyucu vasitə ilə yuyulmalı və ev təmizliyində qoxusuz məhsullardan istifadə edilməlidir”.
 
Mütəxəssis bahar aylarında tozcuqlardan qorunmaq üçün bəzi tədbirlərin görülməsindən də bəhs edib. Məsələn:
 
* Evdən çıxarkən mütləq günəş eynəyi taxın. Bu, tozcuqların gözlərlə təmasının qarşısını alır.
 
* Ağız yerinə burundan nəfəs alıb-vermək lazımdır ki, burun filtr vəzifəsini yerinə yetirsin.
 
* Tozcuqların çox olduğu günlərdə küçədə çox gəzməyin.
 
* Küçədə olduğunuz müddətdə hər fürsətdə üz və burnunuzu su ilə yuyaraq tozcuqları təmizləyin.
 
* Çöldə vaxt keçirdikdən sonra evə gəldikdə paltarlarınızı dəyişin və duş qəbul edin.
 
* Yaz aylarında astma, allergik soyuqdəymə və göz allergiyası əlamətlərinin olub-olmamasını araşdırın.
 
* Bu mövsümdə allergiyası olanlar və ya ailəsində allergiya xəstəliyi olanlar avtomobillərinin toz filtrini dəyişdirməli və filtrli kondisionerlər istifadə etməlidir.
 
* Evdən işə gələndə üzünüzü yuyun, ağız və burnunuzu su ilə qarqara edərək tozcuqları təmizləyin.
 
* Bol su və meyvə suyu içmək uşaqların daha gümrah olmasını təmin edəcək.
 
Bahar allergiyası müalicəsində peyvənd təsirli ola bilərmi?
 
Professor allergiya peyvəndi müalicəsi deyilən immunoterapiya müalicəsinin bahar allergiyasına yaxşı təsir etdiyini deyir. Bu müalicə ilə şikayətlər aradan qalxır, bahar allergiyasının astma xəstəliyinə çevrilməsi ehtimalı aşağı düşür və astma xəstəliyi olan insanlarda yaxşılaşma müşahidə edilir. Peyvənd müalicəsi mövzusunda isə allergiya mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Peyvənd müalicəsində dəri altına inyeksiya və dil altı həb şəklində üsullar tətbiq olunur. Bu müalicə üsulları 5 yaşından yuxarı insanlar üçün keçərlidir. 

Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu öldürüb

Sabirabadda dəhşətli qətl törədilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Dünyanın ən xoşbəxt vətəndaşları bu ölkədə yaşayır

Xoşbəxt vətəndaş – öz ölkəsində əmin-amanlıq, bolluq, abadlıq içində yaşayandır. Bütün bunlara ölkənin xarici borclarının azlığını və ya heç olmamasını da əlavə etsək, uğurlu quruculuğu, dayanıqlı iqtisadi durumu, daxili və xarici siyasəti yüksək tənzimlənmiş bir dövlət anlaşılar.

Dalga tv-nin xəbərinə görə, sadalanan müsbət keyfiyyətləri özündə birləşdirmiş ölkələrdən biri Danimarkadır. Avropanın şimalında yerləşən bu krallıq hazırda dünyanın ən az xarici borcu olan ölkələrdəndir. Danimarka 2014-cü ildən etibarən xarici valyuta ilə kredit götürməkdən imtina edib. Bu addım da iqtisadi çiçəklənmənin “ən pardaqlı çiçəyi”nə çevrilib. Hər halda Sustainable Development Solutions Network agentliyinin son nəticələrinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər (dünyanın 35 dövlətini əhatə edir) arasında ən xoşbəxt ölkələrindən ikincisi məhz Danimarkadır. Birincilik Norveçin payına düşüb. Üç il boyunca aparılan araşdırma əhalinin iqtisadi durumuna görə və dolayısı ilə vətəndaşların qohumluq, dostluq, qonşuluq münasibətlərinə görə tərtib olunub. Aydın məsələdir ki, evində, işində, ölkəsində hər şeyi qaydasınca olan vətəndaş qarşılıqlı münasibət və anlaşmalarda da tolerant, nikbin olar.

Halbuki 1980-ci illərdə Danimarka Yunanıstanın bugünkü vəziyyətini xatırladırdı: böyük həcmli xarici borclar, iqtisadi böhran, qıtlıq, əhalinin çətin güzəranı və bütün bunlarla əlaqədar narazılıqlar, qanunsuzluqlar baş alıb gedirdi. Danimarka hələ XIX əsrin ortalarından xaricdən fəal şəkildə borc almağa başlayıb. Odur ki, XX əsrdə artıq milli valyuta olan kronun devalvasiyası, büdcə kəsiri, kəskin bahalaşma kobud desək, ölkənin “belini qırmışdı”. Alınan kreditlər əsasən 1834-cü ildə Almaniya ilə müharibəyə, daha sonra yaranmış fəsadların aradan qaldırılması üçün tikinti işlərinə, dəmir yollarının salınmasına xərclənirdi.

Milli valyutanın dollar və avroya qarşı möhkəmləndirilməsi ilə başlanan işlər sayəsində ölkə yavaş-yavaş belini dikəltməyə başladı. Hazırda Danimarkanın milli valyuta ehtiyatı 467 milyard krondur (67,5 milyard dollar) – yəni 10 il bundan öncə ilə müqayisədə iki dəfə çox.

Ötən ay Danimarka Milli Bankı 4,7 milyard kron satıb. Eləcə də Fransadakı seçkilərlə bağlı siyasi risklər xarici investorları öz maliyyə təhlükəsizliklərini Danimarkanın bank aktivlərində axtarmağa vadar etdi. Nordea Bank AB-nin (Şimali Avropada operativ maliyyə xidmət şəbəkəsi) məlumatına görə, Fransadakı siyasi gərginlik və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə yaranmış dəyişikliyi kompensasiya etmək üçün Danimarka daha təsirli müdaxiləyə əl ata bilər.

Yeri gəlmişkən, milli valyuta ilə dövlət istiqrazlarının 40%-i xarici sərmayədarlara məxsusdur. Analitiklər əmindirlər ki, Danimarka indiki iqtisadi tərəqqini uzun müddət qoruya biləcək.

İspanaqdan ürək üçün inanılmaz MADDƏ HAZIRLANDI

İspanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə edilib.

Dalga tv xəbər verir ki, bu barədə Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi araşdırma aparıb.

Alimlər bildirir ki, bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.

Onlar "bitki" miokard toxumasını əldə etmək üçün ispanaqdan bir sıra maddələri ixtisar edərək neytral sellülozlu kapillyarlar karkasını saxlayıblar. Üzvi məhsulun gövdə hüceyrələri ilə emalı nəticəsində kiçik həcmdə mayeni özündən ötürmək qabiliyyətinə malik əzələ toxuması əldə edilib.

"Biz yarpağın kapilyarlarını qana batmış cisimlərlə zənginləşdirilmiş boyayla doldurduq və onlar dövr etməyə başladılar", - deyə Qlen Qodet bildirdi.

Bu yeni ixtira gələcəkdə süni orqanların yetişdirilməsi prosesində donor materiallarından istifadəni minimuma endirməyə imkan verəcək.

Biokimyaçılar brokkolinin xüsusiyyətlərinin öyrənməyə başlayıblar. Onun ağciyərin müalicəsində rolu araşdırılır.

İştahanız artıbsa, deməli bu xəstəliyiniz var - ALİM RƏYİ

Dünyada hər yüz nəfərin 80-i insulinə ehtiyac olmayan diabetdən əziyyət çəkir. Bu növ diabet adətən simptomsuz keçdiyindən, çox vaxt insanlar xəstə olduqlarını belə bilmirlər".
Bu sözləri Səhiyyə Nazirliyinin baş endokrinoloqu, ATU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Məmmədhəsənov deyib.
Professor bildirir ki, diabet əsasən iki tipə bölünür: "Birinci tip 40 yaşına qədər insanlarda əmələ gəlir. Bu zaman bədən qətiyyən insulin hasil etmir. Belə insanların bədəninə mütəmadi olaraq insulin yeridilməlidir. İkinci növ - 40 yaşdan yuxarı şəxslərdə əmələ gələn "yaşlıların diabeti" adlandırılır. Bu xəstələrin müalicəsi üçün əksər hallarda insulin tələb olunmur. Xəstəliyin ağırlaşmış halında insulindən istifadə olunur ki, buna da nadir hallarda rast gəlinir. Belə xəstələrdə həblər və pəhrizlə ümumi vəziyyəti stabil saxlamaq olur".
Rafiq Məmmədhəsənov qeyd edir ki, əksər hallarda artıq çəki insulin çatışmazlığı ilə nəticələnir: "Piylənmə ilə yanaşı, karbohidratla zəngin qidalar, hipodinamiya (hərəkət çatışmazlığı, oturaq həyat tərzi), xroniki stress, genetik faktorlar şəkərli diabetin yaranmasının əsas səbəbləridir. Birinci tip diabet zamanı rast gəlinən əsas əlamətlər - ağız və dodaqların quruluğu, səbəbsiz arıqlama, yanğı (susuzluq) hissi, çox su içmək, tez-tez sidiyə getmək, iştahanın artması və sairədir. Şəkərli diabet zamanı qəbul olunan dərmanlar bədəndə piylənmənin azalması ilə yanaşı, qaraciyərin piylənməsinin də qarşısını alır. Tibbin inkişafı nəticəsində xəstələrin orta ömür müddəti əvvəlki illərə nisbətən xeyli uzanıb. Əgər əvvəllər bu xəstəliyə tutulandan sonra insanların orta hesabla beş-yeddi il yaşayırdılarsa, hazırda tibbin irəliləməsi ilə əlaqəli olaraq belə insanların orta xəstəlik müddəti 30-50 ildir.
Ölkəmizdə diabet xəstələrinin əksəriyyəti dövlət təminatındadır. Əvvəlki dövrdən fərqli olaraq, artıq xəstələrə heyvan mənşəli insulin yox, yeni analoji preparat vurulur. Çünki əvvəllər istifadə olunan insulinin tərkibindəki amin turşu ağır fəsadlarla nəticələnirdi. Hazırda dünyada 250 milyon insan şəkərli diabetdən əziyyət çəkir".

2017-ci ildə aviauçuşların ən ucuz olacağı gün açıqlandı

2017-ci ildə aviauçuşlar üçün ucuz gün iyunun 6 olacaq.

Dalga tv Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə CheapAir.com məlumat yayıb.

Servisin baş direktoru Ceff Klinin sözlərinə görə, iyunun əvvəli yay ərzində uçuşlara ən az məsrəf edilən dövr olacaq. 

Təyyarə biletlərinin ən bahalı olduğu gün iyulun 9-u olacaq. Əgər səfər mütləqdirsə, bunun üçün 3, 4 və 5 iyulu seçmək daha yaxşı olar. Avqustda biletlərin ən baha olduğu gün 22-si, sentyabrda isə 12-si olacaq.  

CheapAir.com-da payızın birinci ayında aviasəfərlərin dəyəri yeddi faiz ucuzlaşacaq. 
Tədqiqatın nəticələrinə görə, səfərlər üçün ən bahalı ay isə dekabr olacaq. Səfər üçün ən sərfəli dövr may və noyabr aylarıdır. 

Fevralın əvvəlində yayılan məlumata görə, Avropa və Asiyaya olan aviareyslərin biletlərini səfərə beş-yeddi ay qalmış almaq daha yaxşı olar. Bu halda uçuşun dəyərinin 76 faizi qədər qənaət etmək mümkün olacaq

İtkin düşən indoneziyalını pitonun içindən tapdılar

İtkin düşən İndoneziya sakinini həmkəndliləri yeddi metr uzunluğundakı pitonun içindən tapıblar.

Dalga tv “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, palma yağı toplamaq üçün evdən çıxan və geri qayıtmayan 25 yaşlı Akbar Salubironun axtarışını onun dostları və qohumları təşkil ediblər.

Onlar Salubironun evininin həyətində piton aşkarlayıblar. Sürünəni yarandan sonra kənd sakinləri itkin düşmüş Akbarın cəsədini tapıblar. Ehtimal olunur ki, piton onu boğandan sonra udub.

Qubaya qar yağıb

Bu gün Qubanın ucqar yaşayış məntəqələrinə, dağ kəndlərinə qar yağıb. Qar 1500 metrdən yuxarı dağlıq ərazilərdə müşahidə edilib.

Dalga tv xəbər verir ki, Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, yaşayış olan yerlərdən yalnız Xınalıq kəndində 3 sm qalığında qar var. Digər kəndlərdə isə qar yağıntısı qısa müddətli olub.

Temperatur xeyli enib.

Azərbaycanın ən yaşlı sakini - 27 nəticəsi, 5 kötücəsi var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ən yaşlı sakini məlum olub. Bu, hazırda Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Məmməd qızı Abbasovadır. Şəxsiyyət vəsiqəsinə görə Vəsmə Abbasovanın 104 yaşı var.

“Dalga tv” “Report”a istinadən xəbər verir ki, uzunömürlülər siyahısına başçılıq edən qadının 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var.

O, yaşının çox olmasına baxmayaraq doğmalarının hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, V. Abbasova heç vaxt yataq xəstəsi olmayıb və dərman preparatı qəbul etməyib.

O, yalnız ildə 2 dəfə, həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir.

V. Abbasova nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.

Qeyd edək ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan uzunömürlü qadın uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür.

Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib. Habelə çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə Babayeva hər səhər də süd içdiyini, duru xörəklərə daha çox meyl göstərdiyini bildirib.

Uzunömürlü qadın bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, hətta təndirdə çörək bişirir.Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir.

Bulvarda dəhşət - Hamının gözü qarşısında özünü dənizə atdı

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib.

Dalga tv-nin məlumatına görə, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb.

Şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub. 

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.

Lənkəranda evə basqın nəticəsində yaralanan həkim ölüb

Lənkəranda Xolmili kəndində evinə basqın zamanı ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi dünyasını dəyişib.

 APA-nın  cənub bürosunun verdiyi məlumata görə, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu evində naməlum şəxs və ya şəxslərin basqınına məruz qalıb, küt alətlə başına zərbələr endirilib.

Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, V. Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V. Səfərov bu gün dünyasını dəyişib və cənazəsi yaşadığı kəndə gətirilib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Saytda Axtarış

ახალი ამბები