Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2011
DünənDünən5773
Bu həftəBu həftə38727
Bu ayBu ay44515
Bu günə qədərBu günə qədər8406146

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

ABŞ-ın vitse-prezidenti Gürcüstana gəlir

Ağ evdәn verilәn açıqlamada bildirilib ki, ABŞ prezidenti Donald Trampın 30 iyundakı tәlimatı әsasında vitse-prezident Mayk Pens avqustun 2-dә Estoniya, Gürcüstan vә Çernoqoriyaya rәsmi sәfәr edәcәk.

Estoniyanın paytaxtı Tallindә baş nazir Yuri Ratasom, prezident vә digәr dövlәt nümayәndәlәri ilә görüşәcәk. Mayk Pens ayrıca Estoniya, Latviya vәLitva prezidentlәri ilә dә görüşәcәk.
Daha sonra Mayk Pens Gürcüstan prezidenti Marqvelaşvili vә baş nazir Kbirikaşvili ilә görüşәcәk. Әlavә olaraq ABŞ vә Gürcüstan ordusu ilә görüş keçirәcәk.

 Son olaraq Mayk Pens Çernoqoriyanın paytaxtında prezident Filip Vuyanoçivem vә baş nazir Dusko Markoviçlә görüşәcәk. Bu sәfәrin tәrkib hissәsi olaraq Mayk Pensin qәrbi Balkan ölkәlәrinin liderlәri ilә birlikdә Adriatik Şәrti zirvәsinә qatılacağı gözlәnilir.

Qənirə Paşayeva AŞPA-da Ermənistanı terrora dəstək verməkdə ittiham edib

Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasının plenar iclasında çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Q. Paşayeva Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edərək, terrorçuları qəhrəman elan edib, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb: “Avropa ŞurasıAŞPA, bütövlükdə Avropa terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq, etnik və dini ayrım etmədən Avropa Şurası terrora qarşı sərt mübarizə aparmalıdır. Mənim ölkəm Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələri baş verdi. Metrolar, avtobuslar, qatarlar terrorçuların hədəfi oldu. Çoxlu sayda insanımız həyatını itirdi, yaralandı və əlil oldu. Amma bu terror hadisələrini planlayanlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və orada gizlənir. Məsələn, bütün dünyada tanınan terrorist, ASALA terror təşkilatı liderlərindən Monte Melkonyan. Bu terrorist Azərbaycan torpaqlarının işğalında, azərbaycanlıların qətlə yetirilməsində birbaşa rol oynadı. Amma Ermənistan bu terror liderini milli qəhrəman elan etdi və ona abidə ucaltdı. Təəssüf ki yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olsa da, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı yerində terror hadisəsi baş verdikdə bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Biz Avropa ölkələrindən də bizə qarşı terror hücumlarında eyni münasibəti ortaya qoymasını gözləyirik”.

Q. Paşayeva Avropanın Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərdiyini söyləyib: “Bu gün Türkiyə bir çox terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Təəssüf ki, bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, eyni zamanda Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Bu, son dərəcə üzücü, üzücü olduğu qədər də qəbuledilməz bir vəziyyətdir və buna son verilməlidir. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq”.

Azərbaycanla Polşa arasında sənədlər imzalanıb

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

APA-nın xəbərinə görə, prezidentlər“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

“2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzalayıblar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın energetika nazirinin müavini Mixal Kurtika imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçek və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrubarçek imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Polşanın Elm və Texnologiya Universitetinin prorektoru Yeje Lis imzalayıblar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzalayıblar.

Azərbaycanlı deputat ermənilərin iddialarına sərt reaksiya verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının başlanğıcında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib. 

Dalga tv-nin Report-a istinadən məlumatına görə, hollandiyalı deputat Tini Koksun hesabat məruzəsindən sonra başlayan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək, təqdim olunan məruzə və Avropa Şurasının fəaliyyətlərinin islahata ehtiyac duyulan bəzi sahələri barədə fikirlərini bildirib.

Belə məruzələrin səmərəliliyinin artması üçün onların özünütənqid ruhunda hazırlanmasının, inkişafa mane olan amillərə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan R.Hüseynov deyib: 

“Büro və daimi komitənin ötən sessiyadan indiyədək olan fəaliyyətini əks etdirən ənənəvi hesabatlarımız “İnkişaf haqqında məruzə” adlansa da, aydındır ki, bu mətn yalnız əldə olunmuş nailiyyətləri əks etdirmir, ümumən keçilmiş yolu təhlil edir. Keçilmiş yol isə yalnız uğurlardan ibarət ola bilməz. İş varsa, söz yox ki, nöqsanlar da, gerçəkləşməyən niyyətlər də var. 

Güman edirəm ki, biz gələcəkdə bu hesabatları daha çox pozitiv məqamların sadalanması üzərində deyil, özünütənqid əsasında qursaq, diqqəti nailiyyətlərimizdən çox hansı məqsədlərimizə niyə çata bilmədiyimizin təhlilinə yönəltsək, daha artıq fayda görərik. Konkret olaraq biz Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin necə icra edilməsi məsələsinə xüsusi münasibət göstərməliyik. Fikrimcə, bu hesabatlarda mütləq qaydada hər dəfə hansı qətnamələrin uğurla həyata keçirildiyini, tətbiq olunduğunu, hansıların isə elə kağız üzərində qaldığını şərh etməli və vurğulamalıyıq. Xüsusilə də, hansı qətnamə ilə bağlı irəliləyiş yoxdursa, işin sürətlənməsinə, yaxud hərəkətə gəlməsinə mane olan obyektiv və subyektiv səbəblərə diqqət yönəltməliyik”.

Ermənistanın icrasından boyun qaçırdığı AŞPA qətnamələrini xatırladan azərbaycanlı deputat belə hərəkətlərinə görə bu ölkənin cəzasız qalmasının yolverilməz olduğunu bildirib: 

“Bircə nümunə gətirim. Su insan həyatı üçün ən vacib, hətta bütün istiqamətlərdə tam bərqərar olması üçün mübarizə apardığımız demokratiyadan da önəmli olan bir nemətdir. Çünki ən azı biz öz bioqrafiyamızdan bilirik ki, demokratiya olmadan da illərlə yaşamaq mümkündür, susuzluğa isə ən dözümlü insan 14 gündən artıq tab gətirə bilməyərək məhv olur. Assambleyada 24 ildən bəri işğal altında olan Sərsəng su anbarı ilə bağlı, “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” məruzə müzakirə olundu və 2016-cı il yanvarın 26-da 2085 saylı qətnamə qəbul edildi. 

Ermənistan bu günə qədər həmin qətnamənin icrasına aqressiv müqavimətini davam etdirməkdədir. “İnkişaf hesabatı”nda kimsə indiyədək bu cür qəbul edilib işləməyən hansı qətnamələrdən bircə cümləyə rast gəlib? Sonra da gileylənirik ki, təşkilatımızda böhranlar var. Belə çətin böhran vəziyyətindən çıxmaq üçün mahiyyətlə bağlı əsas məsələləri unudaraq, başlayırıq kosmetik struktur dəyişiklikləri ilə özümüzü aldatmağa. Avropa Şurası elə bir ailədir ki, burada ərköyün üzv olmamalıdır. Bəzilərinə güzəştli, bəzilərinə isə sərt münasibət bəsləninməməlidir. AŞPA-nın 1416, 2085 və sair qətnamələrinin icrasına, təşkilatın yaratdığı alt komitənin fəaliyyətinə nümayişkarcasına müqavimət göstərən Ermənistanın nizamnaməyə zidd hərəkətləri, əslində, Avropa Şurasına qarşı təxribatdır. Çünki ziyanlı nümunə yoluxucu olur. Başqaları da görür ki, hansısa üzv ölkə ona sərf etməyən qətnaməni, qətnamənin hansısa bəndlərini bloklaya bilir və o da başlayır eyni cür davranmağa”.

R.Hüseynovdan öncə çıxış edən 2 erməni nümayəndənin artıq adət almış tərzdə Azərbaycanın ünvanına hədələr yağdırmasına münasibət bildirən deputatımız bu yalan və nifrət dolu, uydurma və böhtan sözlərin Ermənistanın işğalçı mahiyyəti ilə tam uyğun olduğuna diqqət çəkib.

Azərbaycan nümayəndə heyətinin üzvü kənardan idarə edilən, yalnız formal müstəqilliyə malik Ermənistana qarşı Avropa Şurasının qəti addımlar atmamasının təəccüb doğurduğunu bildirib: “Necə olur və nəyə güvənərək siyasi baxımdan zəif, iqtisadi cəhətdən miskin Ermənistan Avropa Şurasına bu cür meydan oxuya bilir? Axı müstəqilliyi sırf simvolik xarakter daşıyan, forpost olduğunu özü də rəsmən etiraf edən Ermənistanın idarəetmə düymələri, kuklaoynadanları ölkədən kənardadır. Xaricdən, ağalarından komanda gəlir ki, “belə et!”, Ermənistan da yerinə yetirir və həmin pərdə dalındakı qüvvələr də bu vasitə ilə Avropa Şurasına qarşı təzyiqlərini reallaşdırmış olurlar. Siz özünüz bunları məndən də yaxşı bilirsiniz.

Güman edirəm ki, inkişafımıza əngəl yaradan belə narahatedici məqamları daha çox təhlil edərək nəticələr çıxarsaq, uğurlarımız artar, inkişaf haqqında hesabatlarımız da gələcəkdə daha obyektiv, sanballı alınar”.

Azərbaycan Silahlı Qüvvələri – 99

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 99 il ötür.

Dalga tv -nin Oxu.Az-a istinadən məlumatına görə , Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib. 

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad olub. 

TƏCİLİ! Cəbhədə son vəziyyət - Ermənistan ordusu kəndlərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 148 dəfə pozub.

Dalga tv Sonxeber.az-a istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

31 yaşlı azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.

Dalga tv APA-ya istinadən xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində işləyən A. Məmmədov Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini,  həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğlu var.

İlham Əliyev: “Təhsil sahəsində Azərbaycan-Gürcüstan birgə layihələri həyata keçirilməlidir”

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

APA-nın məlumatına görə, A. Jejelava ADA Universitetində olduqlarını və bu təhsil ocağının onlarda böyük təəssürat yaratdığını vurğulayaraq Bakı Ali Neft Məktəbinin də fəaliyyətinin maraq doğurduğunu deyib.

Qonaq Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrimizin bütün digər sahələrdə mövcud olan səviyyəsinə çatdırılması üçün birgə səylərin həyata keçirilməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev ADA Universitetində, Bakı Ali Neft Məktəbində və o cümlədən ölkəmizdəki digər təhsil müəssisələrində yüksək səviyyədə təhsil sisteminin yaradılması ilə bağlı işlərin görüldüyünü qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən tələbə-təhsil mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Rusiya Gürcüstan-NATO yaxınlaşmasından narahatdı

Moskva Gürcüstanın NATO ilə əməkdaşlığı daha da dərinləşdirməsindən ciddi şəkildə narazıdır və bunu özü üçün təhlükə hesab edir.

"Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirliyi tərəfindən Cenevrədə keçirilən Rusiya-Gürcüstan görüşündən sonra yayılan məlumatda deyilir: "Abxaziya, Rusiya və Cənubi Osetiya Gürcüstanın NATO ilə əlaqələrini dərinləşdirməsindən narahatdır. Ötən ay Tbilisidə keçirilən NATO Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamə Şimali Atlantika alyansının Zaqafqaziyadakı vəziyyətə birtərəfli yanaşdığını göstərir".

Qeyd edək ki, iyunun 20-21-də Cenevrədə keçirilən Gürcüstan-Rusiya danışıqlarında Rusiya bölgədə güc tətbiq edilməməsində və bununla da mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olduğunu gündəmə gətirib. Öz növbəsində danışıqlarda Gürcüstan Rusiya tərəfindən atəşkəs barədə anlaşmanın pozulmasından narahat olduğunu və qarşı tərəfin Abxaziya və Cənubi Osetiyanın anneksiyası siyasətinə etirazını bildirib. Tərəflər arasında növbəti görüşün isə bu ilin oktyabr ayında keçirilməsi barədə razılıq əldə edilib.

Gürcüstan prezidentinin səlahiyyət müddəti uzadıla bilər

Gürcüstan parlamentindəki çoxluq prezidentin səlahiyyət müddətinin 6 ilə qədər uzadılmasını planlaşdırır.

Dalga tv PRESSDAY.az-a istinadən xəbər verir ki, Konstitusiyaya nəzərdə tutulan dəyişiliyə əsasən, 2018-ci ildə xalq prezidenti sonuncu dəfə birbaşa qaydada seçəcək.

2023-cü ildə isə 300 səsverən və parlament ölkənin prezidentinin kim olacağına qərar verməli olacaq. 

“Bu versiya movcuddur, yaxşı olmazmı ki, seçkilər 2023-cü ildə olsun, bu da öz növbəsində problemdir. Həmçinin belə bir versiya da – prezidentin səlahiyyət müddətinin uzadılması da nəzərdən. Bu da öz növbəsində müəyyən problem yaradır. Mən əminəm ki, biz düzgün qərar qəbul edəcəyik”, - parlament çoxluğunun nümayəndəsi Mamuka Mdinaradze bildirib. 

Erməniləri qorxuya salan təlimlərin görüntüləri yayıldı – FOTO

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də, digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də, idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Azərbaycan və Moldova prezidentlərinin təkbətək görüşü olub

İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Moldova prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlər müzakirə ediləcək: “Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər”.

Moldova prezidenti İqor Dodon isə Azərbaycana səfər etdiyi üçün şad olduğunu bildirib: “Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur. Moldovada çox böyük Azərbaycan diasporu var. Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir”.

Saytda Axtarış

Son xəbərlər