Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3307
DünənDünən5442
Bu həftəBu həftə31520
Bu ayBu ay3307
Bu günə qədərBu günə qədər8364938

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Prezident İlham Əliyev: Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, məktəbin köhnə binası 1936-cı ildə hərbi hospital kimi fəaliyyət göstərib. Burada indiyədək heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2014-cü ilin noyabrından bu tədris ocağının əsaslı surətdə yenidən qurulmasına başlanılıb və yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, yenidənqurma və əsaslı təmir işləri çərçivəsində məktəbin əsas binası sökülərək əvəzində yenisi inşa olunub, əlavə korpus isə əsaslı təmir edilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Üçmərtəbəli binanın yeni korpusunda 22, əlavə korpusunda isə 18 sinif otağı var. Burada fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq fənn kabinetləri, əmək təlimi otaqları var. Məktəbin binasında kitabxana, akt və idman zalları, linqafon, tibb, musiqi və rəsm otaqları yaradılıb. Otaqların hamısı müasir avadanlıq və əyani vəsaitlərlə təchiz edilib.

Məktəbdə tədris bir növbədə aparılacaq. Burada Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 930-a yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur.

Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Ötən tədris ilində məktəbi bitirən 58 məzunun əksəriyyəti ali məktəblərə qəbul olub. Məzunların ikisi 600-dən, beşi isə 500-dən yuxarı bal toplayıb.

Təhsil ocağında müxtəlif musiqi dərnəkləri də fəaliyyət göstərir. Bu dərnəklərdə xüsusi musiqiyə marağı olan 100-dən çox istedadlı şagird məşğul olur. Təhsil ocağının yeməkxanası və konfrans zalı da ən müasir səviyyədədir. Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı sahədə futbol, voleybol və basketbol meydançaları inşa edilib.

Azərbaycanda məktəblərin bu cür yüksək standartlara uyğun, əsaslı şəkildə yenidən qurularaq şagirdlərin istifadəsinə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Yeni məktəb binalarının inşası, mövcudlarının isə ən müasir tələblər səviyyəsində qurulması ümumilikdə ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və xalqımızın intellektual potensialının üzə çıxarılması işinə xidmət etmək baxımından olduqca əhəmiyyətlidir.

Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşdü.

Yeni dərs ili münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edən Prezident İlham Əliyev deyib: "Hörmətli müəllimlər, uşaqlar. Sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, uşaqlar yaxşı oxusunlar, müəllimlər də uşaqlara yaxşı dərs versinlər. Eyni zamanda, bu gün çox əlamətdar gündür ki, bu məktəb faktiki olaraq yenidən tikilib.

Buraya gələndə mənə əvvəlki məktəbin vəziyyətini göstərdilər. Gördüm ki, məktəbin binası çox bərbad, təmirsiz və qəzalı vəziyyətdə olub. Əvvəlki məktəb sökülüb, onun yerində indi gözəl, yaraşıqlı, rahat bina tikilib. Əlavə korpus da əsaslı təmir edilib. Qısa müddət ərzində tikinti işləri aparılmışdır. İndi bu məktəb bütün yüksək standartlara cavab verir - geniş sinif otaqları, geniş dəhlizlər, gözəl, yaraşıqlı akt zalı, açıq, qapalı idman zalları. Yəni, burada yaxşı oxumaq üçün bütün imkanlar var. Bu məktəbin tikintisi bir daha onu göstərir ki, Azərbaycan dövləti təhsilə, gənc nəslin hazırlanmasına çox böyük əhəmiyyət verir".

Dövlət başçısı qeyd edib ki, bu il Bakı şəhərində 10-dan çox məktəb binası əsaslı şəkildə təmir edilib və tikilib: "Son illər ərzində Bakıda 250-dən çox məktəb yenidən qurulub, tikilib, təmir edilib. Bakıda məktəblərin sayı təqribən 350-dən yuxarıdır. Bu proses davam edir. Əminəm ki, yaxın bir-iki il ərzində Bakıda bir dənə də təmirsiz məktəb binası qalmayacaq. Həmçinin ölkəmizdə də bütün işlər yaxşı gedir. Məktəblər tikilir. Son 10 il ərzində bölgələrdə 3 mindən çox məktəb tikilmişdir. Demək olar ki, təhsilin maddi-texniki bazası böyük dərəcədə möhkəmlənib. Təhsilin keyfiyyəti də artır və daha da artmalıdır. Belə gözəl məktəbdə nəticələr də daha yaxşı olmalıdır. Çünki təhsilin səviyyəsi hər bir ölkənin ümumi səviyyəsini şərtləndirir. O ölkələr sürətlə inkişaf edir ki, orada insanlar biliklidir, savadlıdır.

Bizdə savadlılıq ən yüksək səviyyədədir, təxminən 100 faizə yaxındır. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Ancaq, eyni zamanda, dünyada gedən texnoloji inkişaf, elmin inkişafı, yeni texnologiyaların yaranması tələb edir ki, biz də öz inkişafımızı dünyada gedən meyillərə uyğunlaşdıraq. Burada təhsilin səviyyəsi ən başlıca şərtdir. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasəndə gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır".

İlham Əliyev deyib ki, bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür: "Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə, biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq. Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır".

Prezident vurğulayıb ki, bu gün Azərbaycan etibarlı əllərdədir: "Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.

Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik".

Dövlət başçısı bildirib ki, əsas məsələ ondadır ki, gənc nəsil də bax bu milli ruhda tərbiyə alsın: "Bu, bu gün biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Siz müəllimlər də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin. Çünki bizim həm beynəlxalq müstəvidə, həm ölkə daxilində siyasətimiz, görülən işlər doğrudan da çox dəyərlidir. Vətənpərvərlik, milli ruh, milli dəyərlər - budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər ölkəmizi məhv etmək istəyirlər. Budur məqsəd. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır. Gənc nəsil Vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır.

Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın".

İlham Əliyev qeyd edib ki, bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır: "Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq. Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur - budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm".

Məktəbin direktoru Esmira Babayeva deyib: "Biz çox şadıq və həqiqətən çox sevinirik ki, Sizin göstərişiniz əsasında çox qısa müddətdə belə bir gözəl, əzəmətli məktəb binası şagirdlərimizin istifadəsinə verilib. Biz kollektivimiz adından Sizi əmin edirik ki, bundan sonra da məktəbimizin göstəricisi zirvələrə qalxacaq".

Prezident İlham Əliyev: "Çox sağ olun!"

Azərbaycan yollarında yenilik - qırmızı asfalt (FOTO)

Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq paytaxt yollarına qırmızı rəngli asfalt döşənib.

"Dalğa TV" xəbər verir ki, Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissədə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt döşənib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt sınaq kimi döşənib.

Qeyd edilib ki, yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız qırmızı rəngli asfalt örtüyü döşənir, digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi planlaşdırılmır.

Ermənilərin məhv edilən uçan aparatının tipi məlum oldu - FOTOLAR

Dəqiqləşdirilmiş məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

- Qanadların açılışı 3030 mm.
- Uzunluğu 2100 mm.
- Kreyser sürəti 85-115 km/saat
- Maksimal uçuş sürəti 180 km/saat 
- Havada qalma müddəti:
      elektrik mühərriki ilə 1.5 saat
      benzin variantında 8 saatadək
- Maksimal uçuş məsafəsi 130 km.
- Maksimal uçuş hündürlüyü 2000 m.
- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək 
- Qalxma üsulu katapult
- Enmə üsulu paraşüt

 

12 yaşlı uşağa ailəsi məktəb forması ala bilmədi, intihar etdi

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Dalğa TV" -nin "Qafqazinfo"-ya istinadən verdiyi məlumata görə, 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.

İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.

Bakının erməni-bolşevik işğalından azad olunmasından 97 il ötür

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

"Dalğa TV" xəbər verir ki, Bakının azad olunmasından 97 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. 

Azərbaycanda “Bilik günü”dür

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.

"Dalğa TV" - nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

O cümlədən, kurrikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

2015-2016-ci tədris ilində 2445 müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejiminə keçib.

Bakıda naməlum avtomobil Gürcüstan vətəndaşını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Turab Hacıyev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Luqanskda azərbaycanlı iş adamı qətlə yetirilib

Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı avtomobilində gülləbaran edilib

 Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”nın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib.

Borjomi-Xaraqauli milli park yaxınlığında yanğın baş verib.

Yanğın Tsinubani, Axaltsixe ərazisində baş verib.

 

"Dalğa TV" -nin  Fövqəladə Hallar Xidmətindən aldığı məlumata görə, yanğın gecə saatlarında baş verib və 1 hektara yaxın meşə sahəsi yanıb. Xüsusi yanğın briqadasının köməkliyi ilə yanğın artıq söndürülüb.

 

Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir.

Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Nazir Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib, belə turizm məhsulunun region ölkələri arasında, eyni zamanda dünya səviyyəsində turist axının cəlb olunması sahəsində iki ölkə üçün mühüm addım olacağı bildirib və hər iki ölkənin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcəyi vurğulayıb. Nazir, həmçinin iki ölkəni əhatə edən Şərab Yolu, Aleksandr Düma Qafqazda kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs edib.

Qeyd edək ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hal-hazırda da müxtəlif layihələr həyata keçirilməsinə əsas verə bilər. 

Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat verib, həyata keçirilmiş layihələrdən bəhs edib. Giorgi Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda, kino filmlərin çəkilməsi, video çarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.

Nazir Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib və Azərbaycanda çəkilişləri aparılan məhşur "Əli və Nino" filminin Tiflisdə də bəzi çəkilişlərinin aparılması artıq bu sahədə görülən işlərdən biri sayılacağını deyib. Nazir, həmçinin Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının Azərbaycanda işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə görüşlər aparmasını, həmçinin yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə işlər aparılması üçün Azərbaycan Turizm Assosiasiyası ilə görüşlər təşkil olunmasını təklif edib. Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı turizm məqsədilə səfər edən turistlərin marağına səbəb olacaq iki ölkənin birgə təkliflərlə çıxış etməsi məsələləri üzrə də fikir mübadiləsi aparılıb. Həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələri müzakirə olunub.

Görüş zamanı Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib. Həmçinin, qonaqlar Bakıda səfər etdikləri Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu və bir sıra görməli yerlər haqqında yüksək təəssüratlarını bölüşüblər. 

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.Səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

 

Azərbaycan Sadıxlı keçidinin yenidən qurulması ilə bağlı Gürcüstandan cavab gözləyir

Azərbaycan tərəfi Sadıxlı gömrük keçid məntəqəsində tikinti-yenidənqurma işlərinin aparılmasına tam hazırdır.

"Dalğa TV" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Gürcüstan tərəfinin razılığını gözləyir: "Artıq öz təkliflərimizi irəli sürmüşük və qarşı tərəfin cavabını, Gürcüstan tərəfinin razılığını gözləyirik".

Nəfəsi Sözlərə Çevirən Cihaz Hazırlanıb - VİDEO

Elm adamları danışıq anında çətinlik çəkən xəstələr üçün nəfəsi sözlərə çevirən bir cihaz istehsal etdilər.

Cihaz qoşulduğu xəstənin qırtlağından gələn nəfəsin axışına uyğun olaraq çalışır. Qırtlaqda nəfəs axını ilə gələn söz fərziyyəsini reallaşdıran cihaz bu sözləri bağlı olduğu kompüterə köçürür.
Məlumat kompüter tərəfindən səs halına gətirilir və insan kompüter üzərindən danışmış olur. Sistemin istifadəsi çox asandır və xəstələr sistemə rahatlıqla uyğunlaşa bilir. Bundan başqa, kompüterdə olan bir program sayəsində kompüter istifadəçinin istifadə etdiyi sözləri istifadə edilmə sıxlığına görə sıralayır və irəliləyən dövrlərdə şəxsə görə uyğunluq təmin etməyə başlayır.
Sistemin iş prinsipi yalnız nəfəs alıb verməyə əsaslandığı üçün ən ağır xəstələr belə bu cihazın köməyi ilə asanlıqla ünsiyyətə keçə bilir və olduqca əhəmiyyətli olan enerjilərini boşa sərf etmirlər.

 

Saytda Axtarış

Son xəbərlər