Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2448
DünənDünən4834
Bu həftəBu həftə15534
Bu ayBu ay81481
Bu günə qədərBu günə qədər8348952

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda ikisi polis olmaqla 4 nəfər güllələndi - Təfərrüat

alt

Bu gün axşam saatlarında Sabunçu rayonunda baş verən atışmanın təfərrüatları məlum olub. AzNews.az-a daxil olan məlumata görə, atışma Sabunçu rayonundakı 68 saylı orta məktəbin stadionunda, sakinlər arasında baş verib. Gülağa adlı şəxs ov tüfəngi ilə 4 nəfəri güllələyib. Güllənənlər arasında Suraxanı Rayonu Polis Şöbəsinin əməliyyat üzrə müavini Akif Nəzərov və oğlu Asif ağır yaralanıb. Əldə etdiyimiz məlumata görə, Asif Nəzərov Sabunçu Rayonu Polis Şöbəsinin əməkdaşıdır. Bundan başqa, Fərid və adını hələlik dəqiqləşdirə bilmədiyimiz bir nəfər də güllə yarası alıb. Yaralılardan biri - Fərid hadisə yerindəcə keçinib. Digər yaralılar isə 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, hadisə Gülağanın stadionda obyekt tikmək istəməsi qonşularının isə buna etiraz etməsi ilə bağlı olub. Qonşular arasında bir neçə dəfə mübahisə düşüb. Sonda isə Gülağa ona mane olmağa çalışan qonşularını cəzalandırmaq üçün silaha əl atıb.

Qeyd edək ki, atışma barədə ilk məlumatı “Qafqazinfo” yaymışdı.

Gülər Əhmədovaya mesaj: “Bura gəlsən, özünü ölmüş bil”

alt

Vəkil Əfsər Talıbov: "Müvəkkilimə qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib - "bura gəlsən, özünü ölmüş bil, - məzmunlu"; Gülər xanım sarsılıb..."


Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə var. Bu barədə "Yeni Müsavat"a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verdi. Onun sözlərinə görə, dünən müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb. Müsahibimiz sabiq deputatdan bunun səbəbini soruşanda məlum olub ki, ona ciddi təhdid mesajları gəlib:

"Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, "bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".

Müsahibimiz bildirdi ki, qadın məhbusların ona bu mesajı göndərməsinə səbəb G.Əhmədovanın iqtidar mənsubu olmasıdır. Vəkil xatırlatdı ki, 16 il deputat olmuş, iqtidarın təbliğatçılarından biri kimi fəaliyyət göstərən G.Əhmədovanın bu cür hədəf seçilməsi təsadüf deyil: "Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir".

Ə.Talıbov bu mesajın kimlər vasitəsilə G.Əhmədovaya çatdırılması barədə məlumatsız olduğunu dedi. Bu təhlükə haqqında müvafiq orqanlara müraciət edib-etməyəcəyi sualına gəlincə, Ə.Talıbov bunu müvəkkili ilə müzakirə edəcəyini dedi. "Hazırda Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasından köçürülməsi realdırmı" sualına cavabda isə Ə.Talıbov dedi ki, apelyasiya məhkəməsi yekunlaşıb, qərar da qüvvəyə minən kimi köçürülmə real görünür. Bu barədə isə artıq Qadın Koloniyasına məlumatlı olduqları üçün ona belə bir ciddi mesaj göndəriblər.

Gürcüstanın Rustavi şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində “İrəli Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov Xocalı faciəsi barədə məlumat vermiş, son iki əsr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında tarixi faktlardan misallar çəkmişdir.
Qardabani şəhərinin meri Leyla Bendeliani 1992-ci ilin fevralında Xocalıda dəhşətli faciə törədildiyini, Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirmişdir. O, Qafqazda sağlam münasibətlərin bərqərar olmasını və insanlığa yaraşmayan belə vəhşiliklərin bir daha təkrarlanmamasını arzulamışdır.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu vurğulamış və ermənilərin bu vəhşiliyi törətməklə öz məqsədlərinə çata bilmədiklərini, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağını, haqq-ədalətin zəfər çalacağını bildirmişdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq bir çox dövlətin, ABŞ-ın ayrı-ayrı ştatlarının Xocalı hadisələrini soyqırımı kimi tanıdıqları vurğulanmışdır.
Professor Gela Xutsişvili, gənc alim Aygül İsayeva, “İrəli Borçalı” İctimai Birliyinin icraçı katibi Elşən Vəliyev, təşkilatın fəallarından Aybəy İsayev, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Tamar Lamparadze, Gürcüstan Xalqlar Dostluğu Assosiasiyasının sədri Avtandil Maruaşvili və başqaları belə dəhşətli faciələrin təkrar olunmaması, ədalətin təntənəsi naminə gücləri birləşdirməyin vacibliyindən danışmış, beynəlxalq ictimaiyyətin bu hadisəyə obyektiv qiymət verməli olduğunu qeyd etmişlər.
Tədbir iştirakçıları “Xocalı, bir şəhərin faciəsi” filminə, soyqırımının əks olunduğu fotosərgiyə baxmış, Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilmiş kitablarla tanış olmuşlar.

Madrid derbisində Xocalı soyqırımı anılacaq

altİspaniyanın "Atletiko Madrid" klubunun oyunçuları "Osasuna" və "Real Madrid" komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.

Dalgatv-nin AzerTac -a istinadən verdiyi xəbərə görə, klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı hadisələrini pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıblar. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək.

Abel Məhərrəmov: “Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz”

alt

Bu gün Bakı Dövlət Universitetində Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının və təhsil nazirinin əmrlərinin icrası ilə bağlı tələbələrlə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və digərləri iştirak edib.

Universitetin rektoru Abel Məhərrəmov yeni qaydalarla bağlı izahat verib. Daha sonra Təhsil Nazirliyinin şöbə müdirinin müavini Yaqub Piriyev vurğulayıb ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi hər zaman tələbələrlə dialoqa getməyə hazırdır və bu dialoq sivil səviyyədə olmalıdır.

Görüş zamanı Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında “Slavyan ölkələrinin tarixi” fənnindən imtahan verdiyi, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.

Rektor Abel Məhərrəmov isə həmin tələbəni yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub. Hər bir vasitə ilə ona köməklik edilib. Lakin həmin tələbənin bu qədər insan qarşısında belə fikirlər səsləndirməsi düzgü deyil. Ona görə də A.Məhhərəmov universitetin hüquqşünasına tapşırıb ki, tələbə böhtan atdığına və müəllimi şərlədiyinə görə onun işi məhkəməyə verilsin: “Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz”.

Qeyd edək ki, dünən Bakı Dövlət Universitetində bununla bağlı aksiya da keçirilib. Aksiyadan öncə Facebook sosial şəbəkəsində “Kəsr üçün pul verməyək” adlı kampaniya keçirilib. Kampaniyaya təxminən 2500 tələbə qoşulub.

Xocalı gəncləri işlə təmin olunacaq

alt

“Xocalıya Ədalət” Kampaniyasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İman Kərimov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gənclə görüş keçiriblər.


Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf edən görüş gənclərin “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat Kampaniyasına müraciəti əsasında baş tutub. Görüş zamanı DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir hadisədir. E. İskəndərov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimayyət tərəfindən tanınmaqdadır: “Bu illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq təbliğat-təşviqat Kampaniyası çərçivəsində bu səpkidə bir sıra mühüm işlər görülüb. Nəticədə artıq bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək”

Görüşdə Kampaniya çərçivəsində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərin sosial problemlərinin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib. Qeyd olunub ki, gənclərin işlə təmin edilməsi, o cümlədən sosial həyatda, ictimaiyyətdə daha möhkəm mövqe tutması üçün Kampaniya tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Kampaniyanın “Sosial həmrəylik” layihəsi çərçivəsində bir sıra gənclərin dini icmalar tərəfindən qəyyumluğa götürüləcəyi qeyd edilib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə bildirib ki, rəhbərlik etdiyi qurumla “Xocalıya ədalət” Kampaniyası arasında həyata keçirilən “Sosial həmrəylik” layihəsi çərçivəsində Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaqlar. Bundan əlavə, Kampaniya çərçivəsində 25 gəncin sosial problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciət ediləcək.

Gürcüstanda Xocalı soyqırımı ilə bağlı tədbirlərə start verilmişdir

alt

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərə start verilmişdir.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov tədbir iştirakçılarına ötən əsrin sonlarında xain düşmənlərin fitnəsi ilə törədilmiş ən dəhşətli faciə barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, hər il olduğu kimi, bu il də soyqırımının ildönümünə həsr olunmuş müxtəlif tədbirlər planlaşdırıldığını vurğulamışdır.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bir gecədə Azərbaycanın qədim və əzəli şəhəri Xocalının xain düşmənlər tərəfində yer üzündən silinməsinin, onun dinc sakinlərinə amansız divan tutulmasının və yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinin soyqırımından başqa adı olmadığını demişdir. O, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizin diplomatik uğurları sayəsində artıq çoxlarının bunu etiraf etmək məcburiyyətində qaldıqlarını vurğulamış, bu dəhşətli faciənin təbliğində müasir gəncliyin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd etmişdir.
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Azərbaycan İşgüzar Qadınlar Cəmiyyətinin sədri Sürəyya İsmayılova və başqaları ölkəmizin haqq işinin mütləq qalib gələcəyinə əmin olduqlarını bildirmişlər. Natiqlər qan yaddaşımız - 20 Yanvar, Xocalı soyqırımı və başqa faciələr, onların səbəbkarları barədə gənclərin ətraflı məlumatlandırılmasının vacibliyini qeyd etmişlər.
Sonra Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.

Leyla Əliyeva “Məhəbbət ağacı”nı təqdim etdi

alt

Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsinin təqdimatı olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər . AzərTAc xəbər verir ki, "Məhəbbət ağacı" layihəsi IDEA, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir. Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlamış və layihə haqqında məlumat verib. Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar. Bakının Milli Parkındakı metal konstruksiyalı "Məhəbbət ağacı" onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır. Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər 

Azərbaycanlı gənclər Gürcüstanın Bakuriani şəhərində qış xizəkçiliyi təlimində iştirak etmişlər

alt

Azərbaycanın “İrəli” və “Qan Donorları Assosiasiyası” ictimai birliklərinin təşkilatçılığı ilə Gürcüstanın Bakuriani şəhərində “Alfa ekstrim Bakuriani” proqramı çərçivəsində idmansevər gənclər üçün qış xizəkçiliyi üzrə təlim keçirilmişdir.
Düşərgə müddətində iştirakçılara “Qan donorçuluğu”, “Sağlam həyat tərzi”, “Ekstremal şəraitdə yaşama üsulları” və s. mövzularda təlimlər keçirilmişdir.
Layihədə 30-dək azərbaycanlı gənc iştirak etmişdir.
Səfərə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçali bölgəsinin Marneuli şəhərindəki “Çay evi”ndə yekun vurulmuşdur.
Qonaqlar burada fəaliyyət göstərən 10-dək dərnəyin işi ilə tanış olmuşlar.
“İrəli” İctimai Birliyinin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev Bakurianidə ilk dəfə olduğunu və düşərgə iştirakçılarının bu səfərdən razı qaldıqlarını demişdir. O, belə görüşlərin strateji tərəfdaşlar olan ölkələrimizin gəncləri arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulamışdır.
Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev Gürcüstan hökumətinin iki ölkə gənclərinin dostluq əlaqələrinə şərait yaradacaq bütün layihələri dəstəkləməyə daim hazır olduğunu bildirmişdir.
Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev və “Çay evi”nin meneceri Emin Əhmədov “Gənclərin dostu” mükafatına layiq görülmüşlər.
Mükafatı “İrəli” İctimai Birliyinin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev təqdim etmişdir.

Marneulidə azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir

alt

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində yaşayan azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir.
Marneuli Gənclər Mərkəzinin təşəbbüsü ilə baş tutmuş tədbirdə onun üzvləri ilə yanaşı, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr də iştirak etmişlər.
Hüquqşünaslardan Tsismari Andriaşvili və Muradxan Hüseynov seminar-treninq iştirakçılarına erkən evlilik, boşanma ilə əlaqədar məhkəmələrə müraciət və digər məsələlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışlar.
Sonra “Gənc liderlərin Forumu: Gürcüstan-Azərbaycan-2013” layihəsinə həsr olunmuş 25 dəqiqəlik videomaterial nümayiş etdirilmişdir. Azərbaycan “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov videoçarx barədə gənclərə ətraflı məlumat vermişdir.

Heydər Əliyev Fondunun Dmanisidəki kompyuter təhsil mərkəzində 120-dən çox uşaq məşğələ keçir

altGürcüstan azərbycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayon mərkəzindəki Heydər Əliyev Fondunun kompyuter təhsil mərkəzi Fond rəhbərliyinin təşəbbüsü ilə 6 il bundan əvvəl təşkil olunub. Burada uşaqlar gürcü və ingilis dillərini öyrənir, həmçinin kompyuter kursları keçirlər.

Mərkəzin direktoru Diana Qaralova  jurnalistlərə müsahibəsində qeyd edib ki, Ulu Öndərin ideyalarının, arzu və istəklərinin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu xaricdə yaşayan soydaşlarımızın durumunun yaxşılaşdırılması, təhsilin inkişafı və digər sahələrdə önəmli işlər görür.

O, Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Elə həmin gün 30 nəfər azərbaycanlı şagirdlərə gürcü dilini öyrənməsi haqqında sertifikat verilib. Təhsil nazirinin müavini Tamar Tetradze bizimlə müsahibəsində bildirib ki, Heydər Əliyev Fondunun təsis olunmasından keçən müddətdə həyata keçirdiyi xeyirxahlıq işlərini saymaqla qurtarmaq olmaz. Bizim mərkəz məhz həmin nümunələrdən biridir. Burada təşkil olunan məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunub. Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis dili qrupunda isə kompyuter kursunda olduğu kimi, həm azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər keçilir. Uşaqlara “SOCAR Corcia petroleum” şirkətinin hədiyyə etdiyi avtobus xidmət göstərir.

Diana Qaralova diqqətə çatdırıb ki, mərkəzimizin fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici sertifikat alıb. Sertifikat almış azərbaycanlılardan təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunub. O, kursların birillik olduğunu bildirib.

Dinləyicilərdən Roman Mahmudov, Məryəm Aslanişvili və başqaları xeyirxahlığa və belə bir şəraitin yaradılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

İraq ilə gediş - gəliş vizasız olacaq - Saziş imzalandı - FOTO

altBu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda rəsmi səfərdə olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov İraqın Baş naziri Nuri əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib.
İraqın Baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib.
Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

E.Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb.

Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü ifadə edib.

Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli olduğunu vurğulayıb.
Səfər çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri X.Zebayri ilə də görüşüb.

X.Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə ediblər. Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri rabitə və əyalətlər naziri əvəzi Turhan əl-Mufti də iştirak edib.

Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq tərəfinə öz təşəkkürünü ifadə edib.

X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib.

E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində məlumat verib.

İraqlı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir gələcəkdə bu imkanların daha da artırıla biləcəyini qeyd edib.

Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında saziş" imzalanıb. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb.
Görüşdən sonra E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.

Saytda Axtarış

Son xəbərlər